Hospitalın bölmə rəisi veteranlardan rüşvət alma şübhəsilə tutulub

DTX-nın binası

İkinci Qarabağ müharibəsi iştirakçılarından rüşvət almaqda şübhəli sayılan vəzifəli şəxslərin saxlandığı bildirilir.

Bu barədə bu gün, iyulun 27-də Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Açıqlamaya görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun, həmin Hospitalın əməkdaşı Hüseyn Ağayev vasitəsilə çoxsaylı hərbi qulluqçulardan onlara dövlətin birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün xəsarət dərəcələrinin təyin edilməsi əvəzində rüşvət istəyərək almasına əsaslı şübhələr yaranıb :

"... Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib "

Hazırda cinayət işi üzrə araşdırmaların davam etdiyi bildirilir.

Amma bu açıqlamaya Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov, həmin Hospitalın əməkdaşı Hüseyn Ağayev və onların yaxınlarından münasibət almaq, hələlik, mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Şuşa şəhəri daxil Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Bu müharibədə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusunun həlak olduğu, bir neçə minin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.