Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sentyabrın 8-də məlumat yayıb ki, qanunsuz silahlı birləşməyə qoşulan Azərbaycan vətəndaşları həbs olunub.
Xidmətin açıqlamasında onlar xarici dövlətin (ölkənin adı çəkilmir) ərazisində qanunsuz silahlı birləşməyə qoşulmaqda günahlandırılırlar: "...1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib".
Məlumatda onların 2011-ci ildə ölkəni tərk etdikləri vurğulanır: "...Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
İddiaya görə, adları qeyd olunan şəxslər istintaq zamanı cinayəti etiraf ediblər. Amma bu məlumatı onlardan və vəkillərindən dəqiqləşdirmək, hələlik, mümkün olmayıb.