Duma Rusiyanı tərk edənlər üçün vergiləri artırmaq, imtiyazları da ləğv etmək istəyir

Rusiya Dövlət Duması, arxiv foto

Rusiyanı tərk edənlər üçün vergi dərəcələri artırıla və imtiyazları ləğv oluna bilər. Məsələ ilə bağlı Dövlət Dumasında layihə hazırlandığı bildirilir

Rusiyanın Dövlət Duması ölkəni tərk edənlər üçün vergi dərəcələrinin artırılması ilə bağlı qanun layihəsi hazırlayır. Bu barədə parlamentin aşağı palatasının rəhbəri Vyaçeslav Volodin məlumat verib.

Volodin teleqram kanalında yazdığına görə, ölkəni tərk edənlər uzaqdan Rusiya şirkətlərində işləməklə yanaşı, həm də bütün imtiyazlardan yararlanırlar:

"Rusiya Federasiyasını tərk edənlər üçün imtiyazları ləğv etmək və onlar üçün artan vergi dərəcəsini tətbiq etmək düzgündür. Bu, ədalətli olacaq"-Volodin yazıb.

Buna da bax: Putinin işğalı Qərb universitetlərində nəyi dəyişir

Bundan başqa o da məlum olub ki, “Vahid Rusiya” xaricə gedən rusiyalıların müəyyən ixtisaslar üzrə distant işləməsini qadağan edən qanun layihəsi üzərində işləyir.

“Verstka.media” nəşri yazır ki, məhdudiyyətlər informasiya təhlükəsizliyi sahəsində çalışanlara və dövlət üçün vacib olan bir sıra digər sahələrə təsir edə bilər.

Rusiyadakı səfərbərlik elanından sonra ölkəni çox sayda insanın tərk etdiyi bildirilir. Onların arasında iş adamları, informasiya texnologiyaları mütəxəssisləri, alimlər, həkimlər və musiqiçilərin, əmək qabiliyyətli digər insanların olduğu xüsusi vurğulanır.

Buna da bax: Lavrov: Bu nə sülhməramlıların, nə də Azərbaycanın təqsirindən baş verib...

Rusiya statistika komitəsinin məlumatına görə, ilin birinci yarısında ölkədən miqrasiya edənlərin sayı təxminən 96 min nəfər olub.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya təcavüz edib. Bir müddət keçəndən sonra ölkədə 300 min nəfəri toplayacaq hərbi səfərbərlik elan edilib. Bundan sonra insanların ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı məlumatlar yayılmağa başlayıb.