Keçmiş deputat 13 il azadlıqdan məhrum edildi

Dünyamin Xəlilov

İlyarımdır həbsdə olan keçmiş deputat, Bakıdakı «Globus Plaza»nın sahibi Dünyamin Xəlilova 13 il həbs cəzası verilib. İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Keçmiş deputatla birlikdə mühakimə olunan, amma istintaq və məhkəmə dövründə azadlıqda olanlardan Mansur Zeynalov, Fərhad ƏmiraslanovSeyfulla Seyfullayevin hər biri 5 il azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs olunub.

ƏMLAKI ZİYANIN ÖDƏNİLMƏSİNƏ YÖNƏLDİLİB

Şakir Musayev, Ruslan ƏsgərovRauf Əliyevə münasibətdə isə CM-nin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunub.

***Buna da bax-'Globus Plaza' sahibinin məhkəməsində etiraflar

D.Xəlilov Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin köməyi, birlikdə mühakimə olunduğu şəxslərin iştirakı ilə bankdan milyonlarla kredit götürüb qaytarmamaqda suçlanır. Hökmə əsasən, D.Xəlilovun üzərinə həbs qoyulmuş əmlakı ziyanın ödənilməsi üçün Beynəlxalq Bankın problemli kreditləri ilə məşğul olan «Aqrokredit»ə və Vergilər Nazirliyinə yönəldilib.

İyulun 24-də məhkəmədə hökmdən öncə D.Xəlilov özü son sözünü deyib. O, CM-nin 178 (dələduzluq), 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ona verilən ittihamları qəbul etmədiyini bildirib. Deyib ki, 2007-2008-ci illərdə Beynəlxalq Bankın rəhbərliyi layihələr həyata keçirilməsi barədə qərar vermişdi. Bankdan götürülən kreditlər də həmin layihələrə xərclənib.

***Buna da bax-Həbsdəki keçmiş deputat: 'Pullar xaricdə torpaq sahələrinə xərclənib'

«BU, BANKIN ÖZ TƏŞƏBBÜSÜDÜR»

«Xarici ölkələrdə bir neçə layihələrə vəsait yatırıldı. İzahatlardan da aydın görünür ki, biz bunları həyata keçirə bilməzdik. Bu, bankın öz təşəbbüsüdür. Sənədlərdə də açıq görünür ki, pullar haradan götürülüb, hara göndərilib. İttiham aktında qeyd edilib ki, guya biz mütəşəkkil dəstə yaradıb bankı talamışıq. Mən təqsirləndirilən Raufu məhkəmə zalında gördüm. Həmçinin də o biriləri...», – D.Xəlilov son sözündə belə deyib.

Sabiq deputat çıxışının sonunda bəraət hökmünün çıxarılmasını istəyib.

Qısa müşavirədən sonra hakimlər heyəti hökmü elan edib.

Vəkillər AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

ABB-nin İdarə Heyətinin keçmiş sədri C.Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb.