Həbsdəki keçmiş deputatın cəzası azaldıldı

Dünyamin Xəlilov

Bakıdakı «Globus Plaza»nın sahibi, həbsdə olan keçmiş deputat Dünyamin Xəlilovun 13 illik cəzası 3 ay azaldılıb. Dekabrın 26-da Bakı Apellyasiya Məhkəməsində bu haqda qərar verib.

Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası keçmiş deputatla birlikdə mühakimə olunanlardan Mənsur Zeynalovun da cəzasını 5 ildən 4 il 6 aya endirib. Digər beş nəfər təqsirləndirilən haqda hökm isə dəyişdirilməyib.

D.Xəlilov və daha altı nəfər Beynəlxalq Bankdan 50 milyona yaxın kredit götürüb qaytarmamaqda suçlanır. Onlara CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Aylarla davam edən məhkəmənin sonunda D.Xəlilovun 13, M.Zeynalov və Seyfulla Seyfullayevin hər birinin 5, Fərhad Əmiraslanovun isə 4 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarılıb. Keçmiş deputatdan başqa digərləri istintaq və məhkəmə dövründə həbsdə deyildi. Ona görə də hökm elan ediləndə məhkəmə zalında həbs olunublar. Şakir Musayev, Ruslan Əsgərov və Rauf Əliyevə isə şərti cəza verilib.

İttihama görə, D.Xəlilov Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə dostluq münasibətlərindən istifadə edərək, milyonlarla kredit götürüb. Kreditlərin götürülməsi üçün digər təqsirləndirilən şəxslərin adlarına şirkət yaradılıb. Amma keçmiş deputat və digərləri özlərini təqsirli bilmirlər. Onlar apellyasiya şikayətlərində də bəraət istəyiblər.