Selcan Yağmurun ailəsi bu günlərdə həyəcan içindədir. Sentyabrın 12-də ailə onu təhsil üçün Hollandiyaya göndərib.
Zümrüd Yağmur deyir ki, qızı ötən il Kanadada univerisitetə qəbul olunmuşdu. Hətta təhsil haqqını ödəmək üçün təqaüd də qazana bilmişdi. Amma yaşamaq xərcləri qarşılanmadığından oxumağa gedə bilməmişdi. Amma Selcan xaricdə təhsil almaq arzundan vaz keçməyib. Bu il daha 3 universitetə qəbul olunub. Onlardan Hollandiyanın Tvente universitetini seçib və xaricdə təhsil arzusunu gerçəkləşdirə bilib.
Bəs, Azərbaycan dövləti xaricdə təhsil almaq istəyənlərə hansı imkanlar yaradır? Onlara hansı maddi dəstəyi verir?
İstanbul Universitetinin tələbəsi Teymur Qasımlı təəssüflənir ki, Azərbaycanda belə bir imkan, demək olar, yoxdur. O, öz hesabına təhsil alır. Deyir ki, bu isə onsuz da ağır olan tələbəlik həyatını daha da ağırlaşdırır:
“İstanbulda hər şey bahalaşır. Nəqliyyat xərcləri, yaşamaq xərcləri artır. Amma dövlətdən təqaüd ala bilsəydik, bizə maddi dəstək olardı. Çünki tələbə kitablar almalıdır, elmi araşdırmalar etməlidir. Bütün bunlar xərcdir. Məsələn, mən 4 ildir burdayam. Bu dörd ildə yaşamaq maddi cəhətdən çox çətinləşib”.
31 yaşlı Teymur Qasımlı İstanbulda magistr təhsilini başa vurandan sonra, doktorantura təhsili almağa başlayıb. İllik təhsil haqqı hardasa 700 manatdır. Bu ilin təhsil haqqının yarısını, 350 manatını ödəyib, qalan 350 manat isə fevral ayında ödəməlidir. Kirayə qaldığı otağa isə aya 200 manat ödəyir.
Deyir ki, o bir təhər vəziyyətdən çıxa bilir. Amma elə tələbələr var ki, təhsil haqqını belə ödəyə bilmir. Belə tələbələr üçün də ianələr yığırlar.
Onun sözlərinə görə, xaricdə oxumaq istəyənlər ya ianələr, ya da xarici təqaüd proqramlarının ümidinə qalıb.
2007-ci ildə Azərbaycan hökuməti xaricdə təhsil dövlət proqramının icrasına başladı. Dövlət Neft Fondunun maliyyələşdirdiyi bu proqramda 2015-ci ilə kimi 5 min nəfərin xaricdə təhsil almasının maliyyələşdirməsi nəzərdə tutulurdu. Amma 2015-ci ildə proqram uzadılmadı.
Buna da bax: 'Amerikada təhsil' adıyla aldanan azərbaycanlılar...
Əvvəlcə müsabiqədən keçmək lazımdır
Təhsil Nazirliyi bəyan edir ki, dövlət proqramı olmasa da, gənclər üçün dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı var. Belə ki, hökumətlərarası Təqaüd Proqramları çərçivəsində gənclər Macarıstan, Çİn və Latviyada təhsil ala bilərlər. Nazirliyin məlumatına görə, bu ölkələrdə 2019-2020-ci ildə 250 tələbə təshil almaq haqqı qazanıb.
Azərbaycan Prezidenti yanında Gənclər Fondu dövlət büdcəsi hesabına xaricdə magistr təhsili proqramını ilk dəfə bu il icra edib.
Fondun informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı deyir ki, proqrama 209 nəfər müraciət edib. Onlardan 47 nəfər qalib gəlib:
“Qaliblər ölkənin kadr siyasəti, dil bilikləri, dünya görüşləri nəzərə alınmaqla seçildi”.
Şəfa Mehmanqızı deyir ki, Fond Avropada təhsil alacaq tələbələrin illik təhsil haqqını, Amerika və Böyük Britaniyada universitetlərə qəbul olunanların isə yaşam və yol xərclərini qarşılayacaq.
Buna da bax: İstedadlı xarici tələbələr təhsildən sonra iki il Britaniyada qala biləcək
Əvvəllər ildə 600-700 nəfər göndərilirdi
Bakıdakı xarici dil kurslarından birinin rəhbəri, ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, xaricdə təhsil üçün göndərilən gənclərin çərçivəsi daralıb:
“Xeyli daralıb. Əvvəllər il ərzində 600-700 nəfər göndərilirdi. Həm də əvvəllər elə universitetlər vardı ki, onun illik təhsil haqqı 50-60 min manat idi. Bunu da dövlət ödəyirdi. Amma indiki halda elə universitetlər seçilir ki, orda təhsil haqqı 500-1500 avro civarında olur. Gənclər Fondunun həm ayırdığı vəsait, həm də gənclərin sayı azdır”.
AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:
Sizin brauzer HTML5-i dəstəkləmir
Təhsil Nazirliyinin son statistikasına görə, Xaricdə Təhsil Dövlət Proqramı üzrə 289 nəfər müxtəlif ölkələrdə təhsil alır.
Onlar 2015-ci ilə qədər universitetlərə qəbul olunmuş tələbələrdir. Ümumilikdə, bu proqram üzrə 3558 nəfərə təqaüd verilib.