E.Rüstəmov gündəmdən çıxan məsələni dedi

E.Rüstəmov

«Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb. Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub».

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bunu aprelin 26-da keçirdiyi mətbuat konfransında bildirib. O, ölkədə kredit faizlərinə məhdudiyyət qoyulması ilə bağlı hazırlanmış qanun layihəsinə münasibət bildirərkən belə danışıb.

E.Rüstəmov qeyd olunan qanun layihəsini ölkə prezidentinin elan etdiyi islahatlara və bazar iqtisadiyyatına zidd adlandırıb.

Mərkəzi Bank rəhbərinin deməsinə görə, bu təcrübədən aşağı gəlirli ölkələr istifadə edir. O vurğulayıb ki, kredit faizlərinə hədd müəyyən edilməsi iqtisadiyyatın qeyri-bazar üsulları ilə tənzimlənməsinə, maliyyə sektoru ilə real sektor arasında əlaqələrə zərbə vurulmasına gətirib çıxara bilər.

Sizin brauzer HTML5-i dəstəkləmir

İxtiyar sizdə olsaydı, bankların işində nəyi dəyişərdiniz?

«Artıq təkliflər səslənirdi ki, əmanət faizlərinə də tavan qoyulsun. Bu, sosial baxımdan nə dərəcədə doğru ola bilər? Əmanətlər əhalinin mülkiyyətidir. Bundan başqa, faizlərə məhdudiyyət bank sektorundan pulların kənarlaşmasına, kölgə bankçılığının inkişafına apara bilər», - E.Rüstəmov belə deyib.

Xatırlatma

Azərbaycanda «Banklar haqqında» Qanuna dəyişiklik nəzərdə tutan layihə hazırlanmışdı. Həmin layihədə Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarda kreditlərin yuxarı həddini müəyyən etmək səlahiyyəti verilməsi nəzərdə tutulurdu.

Bu layihənin tərəfdarları hesab edirdilər ki, bununla «bank soyğunçuluğu»nun qarşısı alına bilər. Onlar vurğulayırdılar ki, ölkədə inflyasiya 2-3 faiz civarındadırsa, bəzi bankların 20-25 faizlə kredit təklif etməsi düzgün deyil.