Məhkəmə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının Ədliyyə Nazirliyinə qarşı iddiasını təmin etməyib.
Təşkilatın təsisçiləri Ədliyyə Nazirliyi onu qeydiyyata almadığına görə məhkəməyə müraciət etmişdilər.
İddiaçı tərəfin bildirməsinə görə, nazirlik imtinanı təşkilatın adında onun fəaliyyətinin xarakterinin göstərilməməsi, təsisçilərin qeydiyyat üçün verilən sənədlərdə imza və anket məlumatlarının olmaması ilə əsaslandırıb.
Bakı İnzibati Məhkəməsində avqustun 23-də keçirilən prosesdə vəkil Fariz Namazlı göstərilən səbəblərin əsassız olduğunu bildirib və məhkəmədən qərarın ləğvini xahiş edib. Onun sözlərinə görə, "Müdafiə Xətti" insan hüquqlarının müdafiəsi ilə məşğuldur və onun adında bu göstərilib. İmza və anket məlumatlara gəlincə, vəkil bildirib ki, təşkilat sədrini seçib və bütün səlahiyyətlər ona verilib.
Lakin məhkəmə iddianı təmin etməyib.
Təşkilatın sədri Rüfət Səfərov qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə ayrıca danışmaq mümkün olmayıb.
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatı 2020-ci ilin iyulunda yaradılıb.