Edward Snowden Fransaya getmək istəyir

Edward Snowden

Edward Snowden

Rusiyada yaşayan ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edward Snowden ümid edir ki, prezident Emmanuel Macron onun Fransaya gedişinə icazə verəcək. Snowden bu istəyini Fransanın "France İnter" radiosuna müsahibəsində dilə gətirib.

Bundan əvvəl Amerikanın NPR radiosuna verdiyi müsahibəsində Snowden Rusiyaya gəlmək istəmədiyini və bu ölkəyə gəlişin tam təsadüf olduğunu deyib. Dediyinə görə, Moskva hava limanında ABŞ hakimiyyətinin onun pasportunu ləğv etdiyi üzə çıxıb və həmin andan bu ölkədə qalmalı olub.

The Guardian qəzetinə müsahibəsində isə o Rusiyada keçən həyatından danışıb. O deyib ki, indi ilk illərdən fərqli olaraq təhlükəsizliyi ilə bağlı az narahatdır və üzünü gizlətmədən sərbəst şəkildə Rusiyada səyahət edə bilir. Bundan başqa Snowden bir il əvvəl amerikalı xanımla ailə qurduğunu və bu evliliyin Moskvadakı Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsindən birində qeydə alındığını təsdiq edib.

Rusiya 2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi informasiyalarını faş etmiş müqaviləli casus Edward Snowden-ə siyasi sığınacaq verib.