Amnesty International Tbilisini Əfqan Sadıqovu Azərbaycana ekstradisiya etməməyə çağırır

Əfqan Sadıqov Tbilisidə saxlanılıb

Amnesty International beynəlxalq insan haqları təşkilatı Gürcüstan hakimiyyətini Əfqan Sadıqovun Azərbaycana deportasiyasını dayandırmağa çağırıb.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev avqustun 5-də yaydığı bəyanatda Tbilisini özünün beynəlxalq öhdəliklərinə əməl etməyə, Əfqan Sadıqovu və ailəsini himayə etməyə çağırır:

"Heç bir şübhə yoxdur ki, Sadıqovun Azərbaycana ekstradisiyası onun insan haqlarının ciddi şəkildə pozulması, onun işgəncəyə məruz qalması, qanunsuz həbs olunması və ədalətsiz mühakimə edilməsi üçün əhəmiyyətli risk yaradır”.

Krivoşeyev əlavə edib ki, Sadıqova qarşı iş Azərbaycanda müstəqil medianın aradan qaldırılması meylinin davam etdirilməsi kimi qiymətləndirilə bilər.

Amnesty International habelə Bakını fərqli düşüncə və müstəqil mediaya siyasi motivli hücumlarını dayandırmağa və yalnız öz ifadə azadlığından istifadə etdiyinə görə həbs olunmuş bütün şəxsləri dərhal azad etməyə çağırır.

Azel.Tv saytının rəhbəri Əfqan Sadıqov Tbilisidə həbs edilib

Gürcüstanda Tbilisi Şəhər Məhkəməsinin Azel.Tv saytının rəhbəri Əfqan Sadıqov barəsində həbs qətimkan tədbiri seçdiyi bildirilir.
Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb. Onun sözlərinə görə, Tbilisi polisi avqustun 3-də həyat yoldaşını saxlayıb.

Sevinc Sadıqova qeyd edir ki, Azərbaycanda Əfqan Sadıqova qarşı mayın 10-da Daxili İşlər Nazirliyində cinayət işi qaldırıldığı bildirilir: “İyunda Bakıda "Asan Xidmət"ə həyat yoldaşıma qarşı cinayət və ya məhkəmə işinin olub-olmaması, axtarışda olub-olmaması ilə bağlı sorğu göndərdim. Sorğuya cavabda sadəcə onun barəsində məhkumluğun olduğu göstərilib”, Sadıqova bildirib.

O hesab edir ki, həyat yoldaşına qarşı cinayət işi saxtadır. Sadıqova vurğulayıb ki, həbs qərarından apellyasiya şikayəti veriləcək.

Hələlik, onun dediklərini Gürcüstan və Azərbaycan rəsmi qurumlarından dəqiqləşdirmək mümkün olmayıb.

S.Sadıqova onu da əlavə edir ki, saxlanmasından bir gün əvvəl Əfqan Sadıqov Gürcüstanın Ombudsmanı ilə görüşüb: “Ə.Sadıqov Ombudsmana iyulun 17-də Gürcüstan sərhədçilərinin onun ölkədən Türkiyəyə getməsinə necə imkan vermədiyi barədə məlumat verib. Ə.Sadıqova deyiblər ki, o, ancaq Azərbaycana qayıda bilər.”

Əfqan Sadıqov 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana köçmüşdü.

Ə.Sadıqov həbsindən öncə AzadlıqRadiosunun gürcü xidmətinə deyib ki, Gürcüstanda özünü təhlükəsiz saymır və Bosniya-Herseqovinaya getmək istəyir. Ancaq ona sərhədi keçməyə icazə verməyiblər.

“Gürcüstan və Azərbaycan hökumətləri dostdurlar. (Azərbaycan prezidenti İlham) Əliyev Gürcüstandan mənim təhvil verilməyimi istəyə bilər. O nə istəsə, Gürcüstan hökuməti yerinə yetirəcək. Bundan qorxuram”, -- Ə.Sadıqov həbsindən 10 gün əvvəl deyirdi.

Əvvəlki həbslər

“Azel Tv”nin rəhbəri olan Ə.Sadıqov 2020-ci ildə Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il həbs edilib. Bir il sonra Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 6 ilə endirmişdi. O, 2022-ci il mayın 27-də isə əfv olunmuşdu.

Əfqan Sadıqov ondan da əvvəl 2016-cı il noyabrın 22-də həbs edilmişdi. Onda isə Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onun cəzası 1 il azaldıldı. Ə.Sadıqov 2018-ci ilin mayında azadlığa çıxdı. O, bütün hallarda ittihamları qəbul etməyib və onların onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycan siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Hazırda Azərbaycanda azı 10 jurnalist həbsdədir, onlar ittihamları qəbul etmir, siyasi motivli sayırlar.