Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan hökuməti Taliban administrasiyasını tanıyacaqmı?

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb.

Bu barədə bu gün, avqustun 26-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb: "Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın vətənə qayıdışı planlaşdırılır. Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib".

Türkiyə silahlı qüvvələrinin birliyinin də Əfqanıstanı tərk etdiyi deyilir.

Azərbaycan 2001-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edirdi.

Bu il avqustun ortalarında Əfqanıstanda "Taliban" hərəkatı hakimiyyətə silahlı yolla yiyələnib.