Əfqanıstanda qar uçqununda azı 15 nəfər ölüb

Arxiv fotosu

Qar uçqununda qalanların köməyinə gələn yerli sakinlər də qurbanlar arasındadır

Əfqanıstanın şərqi Kunar vilayətində qar uçqununda azı 15 nəfər həlak olub.

“Baxtar” xəbər agentliyinin istinad etdiyi rəsmilər vilayətin Danqam rayonunda uçqunda 20 nəfərin öldüyünü deyirlər.

AzadlıqRadiosu-nun Əfqanıstan xidməti – Radio Azadi bəzi vilayətlərə güclü qar yağdığını, bir sıra magistral yolların bağlandığını xəbər verir.

Vilayətin informasiya və mədəniyyət departamentinin başçısı Mavlavi Nacibulla Almaniyanın “dpa” agentliyinə deyib ki, qar uçqunu fevralın 6-da axşam Pakistana yaxın dağlıq ərazidə baş verib.

Nacibullanın sözlərinə görə, qar uçqununda qalanların köməyinə gələn yerli sakinlər də qurbanlar arasındadır.

Xilasetmə işləri davam edir, 15-20 nəfər itkin düşüb.