Rusiyalı ekspert: ‘Moskva Ermənistanı elə-belə buraxan deyil’

Konstantin von Eggert

Rusiyanın tanınmış politoloqlarından Konstantin Eggert liberal Snob.ru saytında yazır ki, “Kreml bir-birinin ardınca uğursuzluqlara düçar olur. Moskvada heç cür inana bilmirlər ki, adamları korrupsiya, hakimiyyətin dəyişməzliyi və məmur özbaşınalığı boğaza yığa bilər”.

Politoloqun fikrincə, Rusiyanın ən yaxın müttəfiqi, keçmiş SSRİ üçün ən çox xiffət çəkənErmənistanda baş verənlər göstərir ki, Medvedevin on il əvvəl “Rusiyanın imtiyazlı maraqlar zonası” adlandırdığı ərazidə qarşıdan qaçılmaz dəyişikliklər gəlir.

Eggert yazır ki, Ermənistanda 20 il müddətində, Azərbaycanla müharibədə qalib gəlmiş “Qarabağ klanı” hakimiyyətdə idi. Bunlar ermənilərin təbirincə deyilərsə, əslən Artsaxdan olanlardı. Bakı ilə kompromisə getməyə hazır olan prezident Levon Ter-Petrosyanı da onlar yıxmışdılar.

Politoloq yazır ki, bunun ardınca Qarabağ klanı ölkədəki biznesi ələ aldı, müxalifəti gettoya qovdu və əbədi hökmranlıq etmək qərarına gəldi. Əvvəlcə başqa bir Qarabağ veteranı Robert Koçaryan iki müddətdə prezident oldu, onun ardınca bu vəzifəyə keçmiş müdafiə naziri Serj Sarkisyan keçdi. Lakin bundan sonra belə görünür ki, “qarabağlıların” ehtiyat skamyasında adam qalmadı. Amma yol tapdılar.

Qarabağlılar - Robert Koçaryan (solda) və Serj Sarkisyan (ortada)

Eggertin fikrincə, hələ 2015-ci ildə ölkədəki siyasi strukturu dəyişdirəcək referendum keçiriləndə ermənilər bunun Sarkisyanın siyasi ömrünün uzadılması üçün edildiyindən duyuq düşmüşdülər, lakin Sarkisyan baş nazir olmayacağı barədə söz verəndən sonra referendumu keçirə bildilər. Amma Sarkisyan vədinə əməl etmədi. Adamlar hiddətləndilər. İnqilab baş verdi. Sarkisyan yalnız hərbçilər etirazçılara qoşulanda istefa vermək qərarına gəldi. Etirazların zorla yatırılması vətəndaş müharibəsi ilə nəticələnə bilərdi.

Konstantin Eggert əmindir ki, Ermənistandakı hadisələr Moskva üçün tam gözlənilməz olub. Axı ikicə gün əvvəl Vladimir Putin Sarkisyanı baş nazir seçilməsi münasibətilə təbrik etmişdi.

Politoloq hesab edir ki, baş verənlər Rusiya xarici siyasətinin məğlubiyyətidir. Bu məğlubiyyət həm də Moskva üçün ona görə ağırdır ki, ən yaxın müttəfiqin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İttifaqının ən etibarlı üzvünün ərazisində baş verib. Burada Rusiyanın xaricdəki ən böyük hərbi bazalarından biri yerləşir.

Daha sonra Eggert yazır: “Ermənilər Rusiyanı səmimi-qəlbdən sevirlər və onlar səmimi-qəlbdən ümid edirlər ki, Rusiya onları Azərbaycan və Türkiyə ilə “soyuq müharibədə” müdafiə edəcək. Lakin bu o demək deyildir ki, erməni cəmiyyəti Rusiya cəmiyyəti kimi yaşamaq istəyir. Ermənistanda SSRİ-ni və Qarabağ müharibəsini xatırlamayan bütöv bir nəsil yetişib. Bu nəsil üçün Sarkisyanın “sabitliyi”, Putinin “sabitliyi” kimi bir şeydir: durğunluq, riyakarlıq, perspektivlərin və sosial inkişafın yoxluğu. Bundan başqa ermənilər Avropa İttifaqı ilə tammiqyaslı assosiasiya sazişi imzalamış və Aİ-yə vizasız giriş əldə etmiş, habelə polisi və məhkəmələri islah etmiş, xırda, məişət korrupsiyasına qalib gəlmiş qonşu Gürcüstana getdikdcə daha çox maraq göstərirlər...”

Eggert Paşinyanı Azərbaycanla kompromisə hazır olan Levon Ter-Petrosyanın siyasi varisi hesab edir

Eggert habelə diqqəti “birinci prezident Ter-Petrosyanın siyasi varisi” Nikol Paşinyana çəkir. Politoloq xatırtladır ki, Paşinyan, hökuməti 2013-cü ildə Moskvanın təzyiqi altında Avropa İttifaqı ilə assosiasiya sazişindən imtina etdiyinə və Avrasiya İttifaqına daxil olduğuna görə daim tənqid edib.

Politoloq qeyd edir ki, bu hərəkət Yolk partiyasından olan müxalifətçiləri rəsmi Rusiyanın gözündə düşmənə çevirib.

Məqalədə deyilir ki, Moskva Ermənistandan tam arxayın idi və buna görə də özündən razılıq, sovetdənqalma imperiya mənəm-mənəmliyi, xaricilərin “yadlara” və “bizimkilərə” bölünməsi bir daha Rusiya diplomatiyası ilə qəddar zarafat etdi.

Eggert yazır ki, Moskva Miloşeviçin Serbiyasında, əvvəlcə Kuçmanın, sonra isə Yanukoviçin Ukraynasında, Şevardnadzenin Gürcüstanında, Moldova və Belarusda eyni diplomatik səhvlərə yol verib.

Eggert yazır ki, Ermənistanda Qarabağ müharibəsini xatırlamayan bütöv bir nəsil yetişib

Politoloq yazır: “Rusiya demokratiyaya nifrət edənlərə, korrupsiyaya qurşanmışlara, Qərb və NATO ilə məsafə saxlayanlara üstünlük verir. Moskvada keçmiş SSRİ və Balkanların ərazisində uğurlu, çiçəklənən demokratiya görməkdən dəhşətli şəkildə qorxurlar...”

Eggertin fikrincə, Rusiyanın xarici siyasəti postsovet məkanını buxovlamağa, buxovlamaq alınmayanda bu ərazidə demokratiyanı pozmağa, qeyri-sabit anti-Qərb bufer zonası yaratmağa, habelə bu ölkələrdə Kremlə yaxın bizneslərin və dövlət korporasiyalarının maraqlarını müdafiə etməyə hesablanıb.

Politoloq yazır ki, dövlət korporasiyaları isə Kremlin nüfuzunun saxlanmasını və yerli elitaların korrupsiyalaşdırılmasını təmin edir.

Eggertin fikrincə, Moskva Almaniyada da keçmiş kansler Gerhard Shroeder-i beləcə satın almağa cəhd göstərmişdi, amma bu siyasəti inkişaf etmiş demokratiyalarda, Ermənsitan və Ukraynada olduğu kimi uğurla yürütmək mümkün olmur.

Məqalədə deyilir ki, nəhəng resurslarına baxmayaraq Kreml bir uğursuzluqdan, başqa uğursuzluğa düçar olur. Kreml postsovet ölkələrindəki cəmiyyətlərin rəyini qətiyyən nəzərə almır. Nəzərə almır ki, korrupsiya və hakimiyyətin dəyişməməsi adamları doğrudan da hövsələdən çıxara bilər.

Kremlin fikrincə, hardasa küçəyə çıxıb etiraz edən varsa, deməli onlara hansısa Qərb QHT-si və ya Mərkəzi Kəşfiyyat İdarəsi haqq ödəyib.

Eggert yazır ki, Rusiya rəhbərliyinin rəyincə “normal adamlar azadlıq istəmirlər, onlar nəyin bahasına olursa olsun sabitlik istəyirlər”.

Politoloqun fikrincə elə buna görə də Moskva Ermənistanda baş verənlərdən heç bir nəticə çıxara bilməyəcək. Əslində “administrasiyanın əməkdaşı olan 450 deputata müxtəlif “masonlar” və “nüfuz agentləri” ilə mübarizə aparmaq tapşırılacaq.

Məqalədə deyilir ki, Sarkisyan istefa verən gün Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Facebook səhifəsində yazıb: “Tarixinin ən çətin anlarında da parçalanmamağa güc tapan və kəskin fikir ixtilafına baxmayaraq bir-birlərinin hörmətini saxlayan xalq – böyük xalqdır. Ermənistan, Rusiya səninlədir!”

Eggert yazır ki, Smolensk meydanının dilindən tərcümədə bu, belə səslənir: “Nankorlar! Siz bizim adamı devirdiniz. Biz sizdən elə-belə rahatlıqla əl çəkməyəcəyik”.