İctimai fəal Əhməd Məmmədli yanvarın 23-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində dindirilib. Bu barədə "Turan"a fəal özü məlumat verib.
O, saxta sənəd məsələsinə görə dindirildiyini deyir: "2022-ci ildə mən Türkiyəyə oxumaq üçün getməli idim və bununla bağlı Muğla Sıtkı Koçman Universitetinə qəbul olunduğum barədə sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinə (SHXÇDK) təqdim etmişəm. Getməzdən bir neçə gün əvvəl həbs olundum və oxumağa gedə bilmədim".
Ə.Məmmədlinin sözlərinə görə, elə o vaxt SHXÇDK onun sənədlərini saxta sayaraq Cəlilabad rayon Prokurorluğuna müraciət edib: "Prokurorluqda iki dəfə dindirilmişəm və bundan sonra bu məsələ sönüb. Amma dünən mənə Korrupsiyaya qarşı mübarizə Baş İdarəsindən zəng vurublar ki, işi onlar aparacaqlar və idarəyə çağırıblar".
"Məsələnin yenidən aktivləşməsi..."
Fəal şahid qismində dindirilsə də, ona şifahi şəkildə bu iş üzrə şübhəli şəxs sayıldığı deyilib, imza nümunələri götürülüb, ekspertizaya göndərəcəklərini söyləyiblər. Ə.Məmmədli hesab edir ki, məsələnin yenidən aktivləşməsi son hadisələrlə bağlıdır: "Mən heç bir saxta sənəd təqdim etməmişəm. Məsələnin 2022-ci ildən sonra yenidən aktivləşməsi sadəcə ölkədəki son həbslərlə və hökumətin Qərblə münasibətlərinin gərginləşməsi ilə bağlıdır".
Məsələ ilə bağlı Baş Prokurorluqdan və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.
Ə.Məmmədli 2022-ci ildə D-18 Hərəkatının (hərəkat 2023-cü ildə buraxılıb) sədri ikən polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 sutka inzibati həbs edilib. Ancaq o, həbsini sülhdən danışması, prezident İlham Əliyevi tənqid etməsi ilə əsaslandırıb.
Son aylar ölkədə fəallara, jurnalistlərə təzyiqlər artıb, 10-a yaxın jurnalist, bir neçə fəal saxlanılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir