Ekspert: ‘Tərtər işi’ndə dövlət siyasi iradə göstərməlidir

Sizin brauzer HTML5-i dəstəkləmir

"Tərtər cinayəti heç vaxt açılmayacaq" - Yeni istintaq qrupu

2017-ci ildə baş vermiş və “Tərtər işi” kimi tanınan cinayət işinin ibtidai istintaqını baş prokuror xüsusi nəzarətə götürüb

2017-ci ildə baş vermiş və “Tərtər işi” kimi tanınan cinayət işinin ibtidai istintaqını baş prokuror xüsusi nəzarətə götürüb.

Bununla bağlı oktyabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə məlumat yayıb.

Məlumata görə, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli, peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Bəs çoxlu sayda işgəncə iddialarının olduğu, istintaq zamanı hətta insanların işgəncədən öldüyü deyilən bu işin yenidən araşdırılması nə yenilik vəd edir? Yeni istintaq qrupu işin bundan sonrakı gedişinə necə təsir edəcək?

“Tərtər işi”ndə zərərçəkənlərdən biri, baş çavuş, keçmiş keyfiyyatçı Elnur Fərzəliyev bu qərardan çox məmnundur.

O, 2017-ci ildə “Tərtər işi”nə görə saxlanan hərbçilərdən biridir. Deyir ki, saxlandığı bir ay ərzində bədəninə yüksək cərəyanlı elektirik verərək, başını suya salıb boğaraq, ayağının altına rezin dəyənəklə vuraraq, bədəninə plastik yandırıb tökərək, müxətlif işgəncələr ediblər.

Elnur Fərzəliyevin əsas bir istəyi var, “Tərtər işi”nin ədalətli və hərtərəfli araşdırılması, günahkarların layiqli cəzalandırılması:

“Türkiyədən mütəxəssislər gəlib bu işi araşdırsaydı lap yaxşı olardı. Amma şəxsən tanımasam da, eşitdiyimə görə Əli Nağıyev qeyrətlidir. Əli Nağıyevin qrupunun, DTX-nın bu işə qarışmasını mən alqışlayıram. Ümid edirəm ki, bu müsbət nəticəni verəcək. Xüsusilə də Əli Nağıyevin işə qarışması, mən ona çox inanıram”.

Həm zərərçəkənlər, həm istintaqda həyatını itirənlərin yaxınları dəfələrlə etiraz aksiyaları keçirərək günahkarların cəzalandırılmasını tələb ediblər.

Buna da bax: ‘Tərtər işi’ndə işgəncələrə görə daha kimlər həbs oluna bilər 

Əlavə məlumat veriləcək

Baş Prokurorluğun dekabrın 18-də yaydığı məlumatda deyilir ki, Azərbaycan Hərbi Prokurorluğunda 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb, baxılması üçün məhkəmələrə göndərilib.

Həmin şəxslər səlahiyyətləri olmadığı halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri dindirmə prosesinə cəlb edib, onlara fiziki, psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqda ittiham olunurlar:

"Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq, Azərbaycan Baş Prokurorunun müvafiq sərəncamı ilə İşçi Qrup yaradılmaqla qeyd olunan cinayət işləri Hərbi Prokurorluqdan tələb edilib ətraflı surətdə öyrənilib. Hər bir qanunazidd əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün dekabrın 16-da Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib”.

Baş Prokurorluq bildirir ki, hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər aparılır, istintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək.

Sizin brauzer HTML5-i dəstəkləmir

"Tərtər işi"nə görə yenə prezidentə müraciət edildi

“Görüntü yaradırlar ki, guya bunlar ictimaiyyətin tələbi ilə işi yeniləyirlər”

Hazırda ABŞ-da yaşayan, Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri, MTN-nin keçmiş əməkdaşı Ərastun Oruclu yeni yaradılan istintaq qrupunun da əvvəlkindən bir fərqini görmür. Onun fikrincə, sadəcə, ictimaiyyətdəki etirazları nəzərə alıb, guya istintaq qrupunu yenilədikləri adı ilə, işi bir neçə il də yubadıb, axırda da qapadacaqlar:

“Bu, birbaşa Milli Təhlükəsizlik Nazirliyinin davamçısı olan Dövlət Təhlükəsizlik Xidmətinə aid olan işdir. Çünki 2017-ci ildə bu cinayəti törədənlər xarici xidmət orqanlarının sifarişini yerinə yetirənlərdilər. Yəni, bu Rusiyanın sifarişi ilə törədilmiş bir cinayətdir. Mən buna əminəm, bu barədə illərdir yazıram. DTX-dan bu işə bir müstəntiq və bir əməliyyatçı cəlb olunubsa, bu sadəcə səs-küyü azaltmaq, insanları arxayn salmaq üçün atılmış bir addımdır. İstinqat qrupunun tərkibini biləndən sonra tam məsuliyyətimlə deyirəm ki, heç bir cinayət işi açılmayacaq”.

Ərastun Oruclu deyir ki, yeni yaradılan istintaq qrupuna müxtəlif illərdə jurnalistlərə, QHT-lərə qarşı sifarişli cinayət işlərini aparanların daxil edilməsi bu işin ədalətli araşdırılmayacağını göstərir. Onun fikrincə, “Tərtər işi”nin ədalətli araşdırılması üçün adi keçən bütün yüksək rütbəli zabitlər tutduqları vəzifədən azad edilməli və dövlət siyasi iradə göstərməlidir.

Buna da bax: Aksiyada: 'Qələbə kasıbların hesabına qazanılıb, nazirlərin yox'

"Nağıl" və "absurd"

Bir müddət öncə, Hərbi Prokuror Xanlar Vəliyev “Tərtər işi” ilə bağlı səslənən iddiaları “nağıl”, baş prokuror Kamran Əliyevsə, “absurd” adlandırmışdı.

Ərastun Oruclu isə düşünür ki, işi araşdırmadan belə açıqlamalar verənlərin istinaqı ədalətli aparacaqlarını şühbə altına alır.

2017-ci il mayın 7-də Azərbaycanın hüquq mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Onlara qarşı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb. Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin saxlandığı, onlardan neçə nəfərin öldüyü və məhkəmə qərarları ilə bağlı ictimaiyyətə geniş, detallı açıqlama verməyiblər. Məhkəmə qapalı keçirilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qoyunu qurda tapşırmaq? 'Tərtər işi ilə bağlı gözdən pərdə asırlar'

Müdafiə tərəfinin açıqlamalarına görə, bu cinayət işlərində tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını deyiblər, işgəncələr zamanı ölənlər olub. Ölənlərdən 5-nə sonradan bəraət verilib.

Bu yaxınlarda Hərbi Prokurorluğun rəhbərliyi həmin proses zamanı ölüm halının olduğunu etiraf edib. İşin istintaqı gedir.