Əl-Cəzirənin jurnalisti öldürülüb

Fələstinlilər Şirin Əbu Aklenin fotolarını qaldırıb

Qətərdə yerləşən telekanal İsraili ittiham edib

Mayın 11-də səhər İordan çayının qərb sahilindəki Cenin şəhərində İsrailin reydini işıqlandırarkən Əl-Cəzirə televiziyasının jurnalisti güllələnərək öldürülüb.

Ərəbdilli telekanalın Fələstində tanınmış qadın müxbiri Şirin Əbu Akle aldığı güllə yarasından keçinib.

Yerusəlimdə yerləşən Əl-Qüds qəzeti üçün işləyən digər fələstinli jurnalist də yaralanıb, vəziyyəti sabitdir.

Qətərdə yerləşən telekanal İsraili ittiham edib.

İsrail ordusu qüvvələrinin Cenində əməliyyat zamanı güclə atəş və partlayıcı hücumuna məruz qaldığını, cavab atəşi açdığını bildirir.

Ordunun məlumatına görə, “hadisə araşdırılır, jurnalistlərin fələstinli silahlılar tərəfindən vurulması ehtimalı nəzərdən keçirilir”.

İsrailin Xarici işlər naziri Yair Lapid reportyorun ölümünü kədərli hadisə adlandırıb. Onun sözlərinə görə, Fələstin Hakimiyyətinə ölümün birgə patoloji təhqiqatını təklif edib.

“Münaqişə zonalarında jurnalistləri qorumaq lazımdır, hamımız həqiqətin üzə çıxarılması üçün məsuliyyət daşıyırıq”, – o, tvitində yazıb.