Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilib

Əlcəzairdə etiraz aksiyası 26 fevral, 2019

Martın 2-də Əlcəzairdə 10 minlərlə adam nümayişə çıxaraq, dövlət başçısı Abdelaziz Bouteflikanın növbəti prezident seçkisində mübarizə aparmamasını tələb ediblər. Bouteflikanın 82 yaşı var.

Nümayişlər zamanı polislə baş verən toqquşmalarda 180-dən çox adam xəsarət alıb.

Bu, 2011-ci ildə ərəb ölkələrində baş verən kütləvi etirazlar- “Ərəb baharı” hadisələrindən sonra ən iri aksiya hesab olunur.

Etirazlara səbəb, hakim “Milli qurtuluş cəbhəsi” partiyasının Bouteflikanın yenidən prezidentliyə namizədliyini irəli sürməsi olub.

Əlcəzairdə növbəti prezident seçkisi bu il aprelin 18-də olacaq.

Abdelaziz Bouteflika 1999-cu ildən dövlət başçısıdır. 2013-cü ildə həyatına sui-qəsd edilib, bundan sonra əlil arabasında gəzir və ictimaiyyət arasında az görünür.

İsveçrə mediasının yazdığına görə, o hazırda Cenevrədəki Universitet klinikasında müalicə olunur.