Elçin Sadıqov aclıq aksiyasına başlayıb

E.Sadıqov

Həbsdə olan vəkil Elçin Sadıqov aclıq edir. Bu barədə AzadlıqRadiosuna onun müdafiəçisi İradə Cavadova məlumat verib.

"Əvvəl sadəcə qida qəbul etmirdi, son iki gündə sudan da imtina edib", - Cavadova bildirib.

Sentyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində Sadıqovun haqqındakı həbs qərarından verilmiş şikayətə baxılıb. Məhkəmədə təqsirləndirilən Sadıqov özü də iştirak edib. Onun özü də, vəkilləri də həbs qərarının əsassız olduğunu deyib. Vəkillər vurğulayıb ki, Sadıqov cəmiyyətdə tanınan şəxsdir, daimi yaşayış yeri var, onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

Hakimlər qərar vermək üçün məhkəmə prosesini sentyabrın 17-nə qədər təxirə salıb.

Vəkil Elçin Sadıqov gecə saatlarına qədər dindirilib

Sentyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqov haqqındakı həbs qərarından verilmiş şikayətə baxılacaq. Vəkillə bağlı apellyasiya şikayətini Zəki Babayevin sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq.

Bu şikayət üzrə məhkəmə baxışı bir gün əvvələ - sentyabrın 15-nə təyin olunmuşdu. Lakin həmin vaxt məhkəmədə məlum olub ki, Sadıqovun vəkilləri prosesə qatılsalar da, onun özünü gətirməyiblər. Dəqiqləşdirilib ki, məhkəmə təyin olunan vaxtda Sadıqovu istintaq hərəkətləri ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsinə aparıblar. Bu üzdən məhkəmə prosesi bir gün sonraya təyin edilib.

AzadlıqRadiosunun prokurorluqdakı mənbədən əldə etdiyi məlumata görə, günorta başlayan istintaq hərəkətləri gecə saatlarına qədər davam edib. Orada üzləşmə və başqa istintaq hərəkətləri aparılıb.

Xatırlatma

Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb. O, "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallının rüşvət almasına vasitəçilik etməkdə suçlanır. Zeynallı "Baku Steel Company"nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alma ittihamı ilə sentyabrın 10-da həbs olunub. Sadıqov işadamı Məmmədovun vəkili idi.

Lakin Sadıqov və Zeynallının heç biri özlərini təqsirli bilmir. Vəkili Şəhla Hümbətovanın bildirdiyinə görə, Sadıqov həbsini peşə fəaliyyəti ilə əlaqələndirir, ictimai-siyasi fəallara vəkillik etdiyinə görə cəzalandırıldığını düşünür.

Zeynallının həyat yoldaşı Məlahət Zeynalova da onun jurnalist fəaliyyətinə, xüsusən tənqidi materiallarına görə sifarişlə cəzalandırıldığını bildirib.

Onların ittiham olunduğu CM-in 311.3.3 maddəsində 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.