'Əngəllər nəticə vermədikdə vəkil də həbs edilir'

Sizin brauzer HTML5-i dəstəkləmir

Vəkil Bəxtiyar Hacıyev: Elçin Sadıqov həbs olunmasını vəkillik fəaliyyətilə əlaqələndirir

Bugünlərdə Azərbaycanda vəkil Elçin Sadıqovun həbsi cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Buna qədər Azərbaycanda həbs edilən vəkillər də olub, jurnalistlər də. Üstəlik, müxalifətçilərin, fəalların və araşdırmaçı jurnalistlərin müdafiəsinə qoşulan vəkillərdən də Vəkillər Kollegiyasından uzaqlaşdırılan az olmayıb. Amma belə siyasi sayılan işlərə qoşulan vəkilin həbsinə son illər heç rastlanmayıb.

E.Nəsirov

"Qanun qarşısında hər kəs bərabərdir"

Milli Məclisin İnsan hüquqları komitəsinin və hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir: "Heç kimin xüsusi imtiyazı yoxdur. Heç kim qanunun fövqündə dayana bilməz. Peşəsindən, cinsindən, siyasi baxışlarından, əqidəsindən, irqindən asılı olmayaraq qanun qarşısında hər kəs bərabərdir. Azərbaycan hüquqi dövlətdir və heç kəsi oturduğu yerdə həbs etmirlər".

Deputatın sözlərinə görə, şəxsin qanunsuz əməlləri müəyyən edildikdə qanun çərçivəsində, məhkəmə qərarı ilə onun həbsi mümkündür: "Vəkilsənsə, hüquqşünassansa, bu, əlavə məsuliyyət yaradır. Deməli, sən qanunu sıravi vətəndaşdan daha yaxşı bilirsən, öz məsuliyyətini daha yaxşı dərk edirsən... İstintaq nəticələri birmənalı şəkildə təsdiqləsə ki, burada cinayət faktı var, onda "mən vəkiləm, mən məsuliyyət daşımamalıyam" yanaşması yanlışdır".

R.Səfərov

"Repressiyalar çoxşaxəlidir"

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun AzadlıqRadiosuna deməsinə görə, Azərbaycanda 1993-cü ildən bəri (həmin il hazırkı Prezident İlham Əliyevin atası Heydər Əliyev hakimiyyətə gəlib) hüquq sistemi dövründə elə bir faza olmayıb ki, həmin dövrə repressiyalar xas olmasın: "Repressiyalar çoxşaxəlidir. Burada siyasi fəallar, media mənsubları, sivil toplum təmsilçiləri zaman-zaman öz payını götürüb".

O xatırladır ki, müstəqil vəkillik institutu hüquqi dövlətin çox mühüm atributlarından biridir: "Azərbaycanda isə mövcud olan repressiya maşının başlıca məqsədi vəkillik institutunun yerli-dibli sıradan çıxarılmasıdır. Ölkədə siyasi ağırlıqlı işlərdə müstəqil surətdə öz hüquqi iradəsini ortaya qoyub müdafiəyə qoşulan barmaqla sayılacaq qədər vəkillər var. Vəkil Elçin Sadıqov da həmin o seyrək vəkillərdən biri kimi diqqət cəlb edirdi".

Sizin brauzer HTML5-i dəstəkləmir

Ev və ofisində axtarış aparılan vəkil Elçin Sadıqov: Mən heç bir şey etməmişəm, hamısı uydurmadır

"Bu, həm də onu göstərir ki…"

R.Səfərovun fikrincə, hazırkı iş onu göstərir ki, bu və ya digər inzibati metodlar, əngəllər nəticə vermədikdə artıq vəkil də həbs olunur: "Bu, həm də onu göstərir ki, Azərbaycanda mövcud olan idarəçilik nə daxili auditoriya, nə mötəbər siyasi-hüquqi mərkəzlər, nə də beynəlxalq demokratiya indeksləri ilə hesablaşır".

Xatırlatma

Sentyabrın 11-də jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov həbs edilib. Baş Prokurorluğun iddiasına görə, "Xural Yayınları" MMC-nin baş direktoru Ə.Zeynallının vəkil E.Sadıqovun vasitəçiliyi ilə "Baku Steel Company" şirkətinin sabiq sədri, həbsdə olan Rasim Məmmədovun yaxınlarından 20 min manat almasına şübhələr yaranıb. İstintaqın versiyasına görə, bunun müqabilində R.Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, müsbət imic formalaşdırmaq üçün verilişlər hazırlamaq vəd olunub.

Baş Prokurorluğun İstintaq İdarəsində "külli miqdarda rüşvət alma" və "külli miqdarda rüşvət almaqda köməkçilik" maddələri ilə cinayət işi başlanıb.

Jurnalist Ə.Zeynallı və E.Sadqov isə bu ittihamları yalanlayıblar. Onlar ittihamları uydurma adlandırıblar. Vəkil baş verənləri peşə fəaliyyəti ilə əlaqələndirib.