Eldar Həsənov  əməliyyat olunub 

Eldar Həsənov, arxiv foto

Həbsdə olan keçmiş Baş prokuror Eldar Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Qospitalında dünən, iyulun 12 -də əməliyyat olunduğu bildirilir.

Bu barədə onun yaxınları məlumat verib. «O, bağırsaq keçməməzliyindən əziyyət çəkməşinə görə, cərahiyyə əməliyyatı olunub. Vəziyyəti stabildir », deyə yaxınları qeyd edib.

Eldar Həsənovun iyulun 2-də stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatı olunmasından ötrü DTX-nın Hərbi Hospitalına köçürüldüyü bildirilmişdi.

Yaxınlarının qeyd etməsinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu il mayın 7-də verdiyi (Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq ) qərarına əsasən Eldar Həsənov stasionar qaydada müalicə olunmalıydı. Amma onların vurğulamasına görə, həmin qərarın icrası gecikdirilib. Vəkilin müraciəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 23-də əvvəlki qərarını təkrarlayıb.Nəhayət, iyulun 2-də E.Həsənov xəstəxanaya köçürülüb.

Yaxınlarının qeyd etməsinə görə, nəticədə, onun səhhəti bu müddətdə daha da ağırlaşıb, onu daha bir neçə ağır əməliyyatın gözlədiyi güman edilir.

E.Həsənovun vəkili Cavad Cavadov isə açıqlamasında belə bir ümid ifadə edib ki, keçmiş Baş prokurorun səhhətinin ağır olması nəzərə alınaraq ona qarşı qəbul olunan həbs qətimkan tədbiri dəyişdiriləcək.

Bu açıqlamalara, hələlik, cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq vurğulayırlar ki, cəzaçəkmə müəssisələri və təcridxanalarda məhkumlara qanunvercilik çərçivəsində münasibət göstərilir.

Bi işdə istintaqı Prokurorluq aparır, amma E.Həsənovun öz istəyi ilə DTX-nin İstintaq təcridxanasında qaldığı açıqlanmışdı.

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan Eldar Həsənov ötən il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Ona qarşı cinayət məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

E.Həsənov ittihamları qəbuletmir.