Keçmiş baş prokuror və səfir, iki ildən çoxdur ki, həbsdə olan Eldar Həsənovun müsadirə olunmuş əmlaklarının bir hissəsi geri qaytarılıb. Söhbət, əsasən, onun övladları – Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın adına olan əmlaklardan gedir. Həmçinin həyat yoldaşı Elmira Həsənovanın mülkiyyətində olan əmlakların da bir hissəsi ilə bağlı müsadirə qərarı ləğv edilib. Ali Məhkəmə bu əmlaklar üzərindən həbs götürülməsi haqda oktyabrın 20-də qərar verib.
Monteneqronun Budva şəhərindəki mənzil, Bakıda obyekt, torpaq sahəsi və s. daxil olmaqla, bir sıra əmlaklarla bağlı müsadirə qərarı isə qüvvədə saxlanılıb.
Həsənovun 10 il azadlıqdan məhrum edilməsi hissəsində də hökm dəyişməyib.
Sabiq səfirin vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, həm Eldar Həsənov haqqında 10 illik cəza hökmü, həm də müsadirə qərarı qüvvədə saxlanılan əmlaklarla bağlı Avropa Məhkəməsinə şikayət göndəriləcək.
Buna da bax: Eldar Həsənov: 'Mənə nə cəza istəyirsiniz, verin, amma o iki ünvana ləkə gətirməyin'18 milyon manata yaxın yeyinti ittihamı
Həsənov haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmdən onun özü ilə yanaşı, ailə üzvləri də yuxarı instansiya məhkəmələrinə şikayət vermişdi. Apellyasiya və Ali məhkəmələrdə sabiq səfirin övladları və digər qohumları maraqlı tərəf qismində çıxış edirdi. Çünki müsadirə olunan daşınmaz əmlakların əksəriyyəti onların mülkiyyətində olan əmlaklar idi.
Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda suçlanır.
Həmçinin, sabiq səfir 11 milyon 804 min manat cinayət yolu ilə əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.
Buna da bax: Eldar Həsənov: 'Məni beş məktuba və iki çıxışıma görə həbs ediblər'Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat veriblər.
1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-dən həbsdədir. Onun həbsindən sonra Prezident İlham Əliyev vəzifədən azad edilməsi haqda sərəncam imzalayıb.