E.İbrahimov: 'Bu 7 ildə çox yüksək, ondan da artıq işlər gözləyirəm prezidentimdən'

E.İbrahimov

«15 ildə olmazın işlər görülüb. Bu 7 ildə də çox yüksək səviyyədə, ondan da artıq işlər gözləyirəm prezidentimdən», – Yeni Azərbaycan Partiyasının üzvü, deputat Eldar İbrahimov dördüncü müddətə dövlətə başçılıq edəcək İlham Əliyevlə bağlı gözləntilərindən danışarkən AzadlıqRadiosuna belə deyir.

- İlham Əliyevin yeni prezidentliyi dönəmində gözləntiniz nədir?

- Mən tədbirdəyəm deyə, geniş danışa bilmirəm. İnauqurasiya yüksək səviyyədə keçdi. Necə lazımdı. Prezident and içdi.

- Prezidentin çıxışı sizi qane etdimi?

- Çox yüksək səviyyədə çıxış etdi. Gələcək illərdə qarşıda duran vəzifələrdən də danışdı, indiyə qədər görülən işlərdən də danışdı. Çox yüksək səviyyədə danışdı.

- Sizin gözləntiniz, istəyiniz nədir onun yeni dönəmdəki fəaliyyətindən?

- 15 ildə olmazın işlər görülüb. Bu 7 ildə də çox yüksək səviyyədə, ondan da artıq işlər gözləyirəm mən prezidentimdən. Çünki Azərbaycan xalqının seçimi olan İlham Əliyevin indiyə qədər gördüyü işlər sübut edir ki, o, gələcəkdə də yüksək səviyyədə işlər görəcək. Bizim bir dənə ağrılı problemimiz Dağlıq Qarabağ münaqişəsidir. İnşallah, bu problem də ancaq onun siyasi iradəsi nəticəsində həll olunacaq. Mən bunu gözləyirəm və bunun həllinə inanıram.

- İlham Əliyevin ünvanına səslənən tənqidlərdən biri də elə 15 ildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlıdır. Tənqidçilər, siyasi opponentləri hesab edirlər ki, Əliyevin zamanında bu problemin həlli mümkün olmayıb və olmayacaq.

- Cənab prezidentin haqqında o adamlar nahaq danışırlar. Onlar ancaq qərəzli adamlardırlar. Necə o ATƏT-in adamları qərəzlidir. Elə bizim içimizdə də o cür qərəzli adamlar var və onlar qərəzli danışırlar. Mən elə adamlar haqda danışmaq da istəmirəm, dedikləri haqda fikir də söyləmək istəmirəm, vəssalam.

- Bəs insan haqları...

- Qərəz ayrı-ayrı adamlara olar. Prezident dövlətin atributudur, bayrağıdır, gerbidir, himnidir... Prezidentin haqqında tənqid olar, ancaq başqa artıq-əskik sözlər olmamalıdır. Kim nə deyirsə, özünə qayıdır, vəssalam.

Bundan sonra deputat telefonu söndürdü.

Xatırlatma

Aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirilib. Aparıcı müxalifət nümayəndələrinin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.

Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin İ.Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

Hakimiyyət bu tənqidləri qəbul etmir.