Eldar Mahmudovun vəkili bəlli oldu: 'Onun məcburi gətirilməsinə ehtiyac yoxdur'

E.Mahmudov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəkilinin kimliyi bəlli olub. Onun hüquqlarını Cavid Rzazadə müdafiə edir. Vəkil mayın 3-də E.Mahmudovun məhkəməsində çıxış edib. C.Rzazadə həbsdə olan sabiq MTN-çilərdən polkovnik Səlim Məmmədovun da vəkili idi.

Mayın 3-də Yasamal Rayon Məhkəməsində vaxtilə MTN-in həbs etdiyi Mətləb Mustafayevin E.Mahmudova qarşı 100 min manatlıq kompensasiya iddiası üzrə məhkəmə davam etdirilib. Ötən məhkəmə iclasında iddiaçının sabiq nazirin şəxsən prosesdə iştirakı barədə qaldırdığı vəsatət təmin olunmuşdu. Buna baxmayaraq, prosesə E.Mahmudov özü yox, vəkili gəlib.

«Ona veriləsi suallarım var»

İddiaçı M.Mustafayev buna etiraz edib. Bildirib ki, E.Mahmudova cavablandırmalı olduğu suallar var: «Mənim ona veriləsi suallarım var. Onlara vəkil cavab verə bilməz. Ona görə də Eldar Mahmudovun prosesdə iştirakını təmin etməyinizi xahiş edirəm».

***Buna da bax-MTN işi: 'Deyirdi, bu ölkədə prokuror da bizik, məhkəmə də'

Sabiq nazirin vəkili deyib ki, Mülki Prosessual Məcəllənin 144-cü maddəsinə dəyişiklikdən sonra artıq cavabdehin məcburi gətirilməsinə ehtiyac yoxdur.

Hakim Sərdar Mehrəliyev E.Mahmudovun gətirilməsi barədə vəsatəti təmin etməyib. Bildirib ki, onun iştirakı zəruri deyil, çünki vəkili onu təmsil edir.

E.Mahmudovun vəkili jurnalistlərin məhkəmədə iştirakına etiraz edib. Məhkəmənin gedişində əməliyyat məlumatlarının müzakirə olunacağını deyən vəkil media nümayəndələrinin bu prosesdə iştirakına qadağa qoyulmasını xahiş edib.

İddiaçı isə əksinə, bildirib ki, açıq məhkəmə prosesində hər kəsin, o cümlədən jurnalistlərin də iştirak etmək hüququ var.

Hakim bu məsələyə heç bir münasibət bildirməyib.

M.Mustafayev iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi qoyub. Amma bu qurumdan kimsə məhkəmədə iştirak etmirdi.

E.Mahmudovun vəkili deyir ki, iddiaçı Maliyyə Nazirliyini cavabdeh kimi qoysa da, onlardan tələbinin nə olduğunu bildirməyib.

***Buna da bax-MTN generallarına hökm oxundu

İddiasını dəqiqləşdirən M.Mustafayev söyləyib ki, tələb etdiyi kompensasiyanı Maliyyə Nazirliyindən istəyir. Çünki E.Mahmudov uzun illər mühüm vəzifə tutub, vacib bir dövlət orqanına rəhbərlik edib. Nazirlik də həmin pulu E.Mahmudovdan alıb ona ödəyə bilər.

İddiaçının daha bir vəsatəti bu işə Nəsimi Rayon Məhkəməsində baxılması haqda olub. Çünki Maliyyə Nazirliyi Nəsimi rayonu ərazisində yerləşir.

M.Mustafayevin vəsatəti təmin edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Xatırlatma

M.Mustafayev həbsdə olan sabiq MTN generallarından Antiterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyevlə bağlı cinayət işində zərərçəkmişdir. Cinayət işinin materiallarında yazılıb ki, onun evinə silah atıb qanunsuz həbs ediblər.

M.Mustafayevin həbsindən sonra onun MTN-də işləyən qardaşı, polkovnik Malik Mustafayev intihar edib. Keçmiş general E.Quliyev həm də onu intihar həddinə çatdırmaqda ittiham olunur.

***Buna da bax-Əhəd Abıyev: 'MTN-də Samir Şərifovun əleyhinə ifadə almaq istəyirdilər'

M.Mustafayev qanunsuz silah saxlama ittihamı ilə iki il azadlıqdan məhrum edilib, apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyatdan, vəzifəli şəxslərin həbsindən sonra Ali Məhkəmə Mustafayev haqqında hökmü ləğv edib. Bakı Apellyasiya Məhkəməsi isə işə yenidən baxıb ona bəraət verib.

M.Mustafayev Dövlət Əmlak Komitəsində, «Azərsu»da çalışıb. Onun iddiasına görə, E.Quliyev mərhum Malik Mustafayevi yanına çağırıb, ondan tələb edib ki, «qardaşın vəzifəli şəxslər haqqında məlumatlar versin».

E.Quliyevin vəkili isə bildirib ki, Mustafayev qardaşlarının həbsində və ölümündə hüquqlarını müdafiə etdiyi şəxsin günahı yoxdur. Vəkilin sözlərinə görə, M.Mustafayevin evində əməliyyat-axtarış tədbiri keçirilməsi barədə göstərişi nazir E.Mahmudov vermişdi.

E.Mahmudov 2015-ci ildə işdən çıxarılıb. Bundan sonra nazirlik iki yerə ayrılıb. Qurumun bir sıra yüksəkvəzifəliləri isə həbs olunub. Onların əksəriyyəti vəzifə səlahiyyətlərini aşma, hədə qorxu ilə tələb etmə və digər ittihamlarda təqsirli bilinərək uzunmüddətli həbs cəzalarına məhkum ediliblər.