Bir sıra media nümayəndələri "Elektron məhkəmə" sistemində məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər.
Məhkəmələrin fəaliyyətini işıqlandıran jurnalistlər məhdudiyyətin tətbiqinin sistemdən istifadədə çətinlik yaratdığını vurğulayaraq bunu şəffaflığın pozulması kimi qeyd ediblər.
Bildirilib ki, məlumatların qapalı olmasına görə məhkəmə işlərinin araşdırılması, ictimaiyyətə məlumat çatdırılması istiqamətində ciddi maneə yaranıb.
Müraciətdə o da vurğulanıb ki, "e-məhkəmə" sistemi məhkəmə proseslərinin şəffaf və əlçatan olması üçün yaradılıb, lakin qoyulan məhdudiyyət ictimai maraq kəsb edən işlərə dair məlumatların əldə olunmasına əngəldir.
9 il... Bunun nəyi şəffaflıq oldu?
Azərbaycanda "Elektron məhkəmə" informasiya sistemi 2014-cü ildə prezidentin sərəncamı ilə yaradılıb. Bu sistem məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib olunmasını, iclasların audio, video qeydə alınmasını, habelə onları onlayn rejimdə izləmək imkanını özündə ehtiva etməlidir.
Amma artıq bir müddətdir sistemdə məhkəmə işləri üzrə tərəflərin adları əks olunmur. Ayrı-ayrı jurnalistlər isə şikayətlənirlər ki, Dünya Bankının maliyyəsi ilə yaradılmış elektron sistemin ictimaiyyət üçün yalnız adı qalıb. "Hakimlərin fotolarından, tərcümeyi-hallarından tutmuş, məhkəmələrdə baxılan işlərə qədər hamısını sistemdən yığışdırıblar. Bunun nəyi şəffaflıq oldu?", - jurnalistlər sual edir.
Hələlik, müraciətə Məhkəmə Hüquq Şurası və Ali Məhkəmədən münasibət almaq mümkün olmayıb.