Qardaşı: 'Ələsgər Məmmədlinin böyrəyində daş aşkarlanıb'

Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli

Qardaşı Nəsimi Məmmədli deyir ki, "Toplum" internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin sol böyrəyində daş aşkar edilib.

Onun sözlərinə görə, Ə.Məmmədli ötən həftəsonu saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında müayinədən keçib. "Mədəaltı vəzin genişlənməsi sabit olaraq qalır. Özəl həkim tərəfindən qalxanabənzər vəzin təkrar müayinəsi zamanı düyünlərin daha da böyüməsi aşkar edilməyib. Eyni zamanda, Ələsgərin boğulma halları və baş ağrıları davam edir, görməsi zəifləyib", - qardaşı vurğulayıb.

N.Məmmədlinin sözlərinə görə, həbsdə saxlandığı yarım il ərzində qardaşı ilə bağlı heç bir istintaq hərəkəti aparılmayıb: "Qardaşımda olan ciddi xəstəliklərlə onu həbsdə saxlamağın mənası aydın deyil".

Penitensiar Xidmət və istintaq orqanının (Daxili İşlər Nazirliyi) nümayəndələrindən bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.