Ələsgər Məmmədli doğum günündə ev dustaqlığına buraxılmadı

Ələsgər Məmmədli

Bu gün, mayın 24-də "Toplum" internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin olunmayıb.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədlinin səhhəti pis olduğu üçün o, xəstəxana şəraitində müayinə edilməli və müalicə almalıdır, bu da həbsdə mümkün deyil: "Təəssüf ki, Xətai rayon Məhkəməsi vəsatətimizi təmin etmədi".

Vəkil qeyd edib ki, Ə.Məmmədlinin qalxanabənzər vəzində olan şiş onda boğulmalar yaradır: "Ələsgər bəy deyir ki, bu şiş onun qan təzyiqinə da təsir edir və vəziyyət artıq idarəolunmaz hal alıb".

Müdafiə tərəfi məhkəmə qərarını antihumanist hesab edir və qərardan apellyasiya şikayəti verəcəklərini bildirirlər.

Bu açıqlamaya Xətai rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bu gün, mayın 24-də Ələsgər Məmmədlinin 56 yaşı tamam olub.

16 may

Ələsgər Məmmədlinin analiz cavabları açıqlanıb

"Toplum" internet televiziyasının (ToplumTV) təsisçisi Ələsgər Məmmədlinin analiz cavabları məlum olub.

Bu barədə "Turan"a vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn məktubda bildirilir ki, aprelin 26-da Ə.Məmmədli əlavə müayinələrə cəlb edilib: "Cavabda yazılıb ki, qanda hormonların səviyyəsi norma civarında olub. Qeyd olunur ki, Milli Onkologiya Mərkəzinin onkoloqu ilə konsultasiya edilib və onkoloq hazırda kəskin onkoloji prosesin izlənilmədiyini, sitoloji təhlil üçün düyünün histoloji müayinəsinin təcili aparılmasına zərurət olmadığını, planlı qaydada keçirilməsinin mümkünlüyünü bildirib. Həmçinin yazıblar ki, Ələsgər Məmmədlinin səhhəti ilə bağlı şikayəti olmayıb".

Məktubda yazılanlara şübhə

Vəkil məktubda yazılanlarla bağlı sonra da bunları bildirib: "Qalxanabənzər vəzində olan düyünün ölçüsü 23 millimetrdir. Bu da həmin şişin histoloji müayinəsini zəruri edir. Ələsgər bəy qeyd edir ki, onunla bağlı ciddi müayinə aparmayıblar, histoloji müayinənin aparılmasına, ümumiyyətlə, texnikaları yoxdur. Ələsgər bəy həkimə deyib ki, artıq onun boğazında olan düyünlər onu yatmağa belə qoymur, boğulmalar baş verir".

A.Layıc Ə.Məmmədlinin biopsiya müayinəsi üçün yenidən Baş Tibb İdarəsinə müraciət edib.

Bu açıqlamaya, hələlik, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədli martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.