Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb

Ələsgər Məmmədli

Bu gün, martın 18-də Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə həbsdə olan media eksperti, "Toplum" İnternet Televiziyasının təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb. Vəsatətə təmin edilməyib.

Yaxınlarının verdiyi məlumata görə, Ə.Məmmədli məhkəmə iclasında geniş çıxış edib. Media ekspertinin deməsinə görə, bundan öncəki bütün məhkəmə iclaslarında istintaq tərəfi iddia edib ki, əgər o, azadlıqda olsa, istintaqın gedişinə əngəl törədə, yaxud sübutları yox edə bilər. Ə.Məmmədli vurğulayıb ki, artıq istintaq başa çatıb və işlə tanışlıq mərhələsi də yekunlaşıb.

Media ekspertinin sözlərinə görə, istintaqın materialları ilə tanış olanda aydın olub ki, onun həbsinə əsas olacaq heç bir fakt və sübut yoxdur.

Yaxınlarının əlavə etməsinə görə, o habelə səhhətindən danışıb və əməliyyat olmasının vacibliyindən bəhs edib.

Lakin hakim S.Hacıyeva Ə.Məmmədlinin həbsi ilə bağlı qərarı qüvvədə saxlayıb.

19 fevral

Ələsgər Məmmədli istintaq materialları ilə tanış olub, həbsini 'qanunsuz' sayır

Həbsdə olan media eksperti Ələsgər Məmmədli təsisçisi olduğu "Toplum" İnternet Televiziyası ilə bağlı açılmış cinayət işinin istintaq materialları ilə tanış olub və "məhkəmədə azacıq ədalət olacağı təqdirdə bütün ittihamları puç edəcəyinə inanır".

Bunu fevralın 18-də Ə.Məmmədli ilə telefonda danışan qardaşı Nəsimi Məmmədli bildirib: "Ələsgər bəy bildirdi ki, 11 aydan çoxdur davam edən istintaq yekunlaşıb. Həbsinin qanunsuz olmasına etiraz əlaməti olaraq bu müddət ərzində heç bir ifadə verməyib".

Qardaşının sözlərinə görə, hər biri 300 vərəqdən ibarət olmaqla 23 cild qovluq, əlavə qeydlər və ifadələrlə birlikdə ümumilikdə 10 min səhifədən çox istintaq materialları ilə tanış olmaq üçün beş gün sərf edib.

"Deməsinə görə, 50 nəfərdən çox şəxs istintaqa çağrılıb və dindirilib. Bütün ifadələrlə tanışdır. İstintaq materiallarının özü ilə bağlı hissələrindən və prosessual pozuntulardan ibarət 21 qeyd götürüb. Hər biri ilə bağlı əminliklə bildirdi ki, onun həbsdə saxlanması tamamilə qanunsuzdur", - N.Məmmədli bildirib.

Bu fikirlərə istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

Ə.Məmmədli ötən il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti uzadılıb.

Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Xatırlatma

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 350 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.