Əli Həsənovun qəza törədən nəvəsi hərbi xidmətdə olmayıb

Nail Allahverdiyev

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyev hərbi xidmətdə olmayıb. Məhkəmədə onun anket məlumatları dəqiqləşdirilərkən bu üzə çıxıb.

İki nəfərin öldüyü yol qəzasına görə həbs olunan N.Allahverdiyev noyabrın 24-də məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən N.Allahverdiyevin anket məlumatları dəqiqləşdirilib. Bəlli olub ki, 1994- cü il təvəllüdlü Allahverdiyev Sumqayıtda anadan olub, alitəhsillidir, evlidir, heç yerdə işləmir, hərbi xidmətdə də olmayıb.

***Buna da bax-Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]

Qəza zamanı dünyasını dəyişən iki nəfərin yaxınları, eləcə də yaralananlar zərərçəkmiş qismində tanınıb. Onların sayı altı nəfər olsa da, dördü - Ramiz Əsədov, Adil Ocaqverdiyev, Rauf Səmədov Ülviyyə Əliyeva məhkəmədə iştirak edib. Türkiyə vətəndaşları olan Mutallib Tekiş və həyat yoldaşı Songül Tekiş isə məhkəməyə gəlməyib.

Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılıb-baxılmaması məsələsi müzakirə olunub. Qərara alınıb ki, iş məhkəmə baxışına verilsin. Məhkəmə isə dekabrın 1-nə təyin edilib.

XATIRLATMA

N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi «Mercedes-Gelandewagen» yolu keçən piyadalar Vaqif Əsədovu və Tekiş cütlüyünü vurub, ardınca «VAZ 21015» markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən «Mercedes-Gelandewagen» yanmağa başlayıb. Qəza nəticəsində piyada V. Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı Mehdi Əliyev dünyasını dəyişib.

Buna da bax -​ Azərbaycanda ataların ərköyün balalarının bəlaları...

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin hadisə ilə bağlı birgə məlumatında bildirilir ki, qəzanı törədən «Mercedes-Gelandewagen» markalı avtomobilin sükanı arxasında 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olduğu müəyyənləşdirilib. Bundan sonra onun barəsində ilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

«Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan «Mazda» markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılovun olduğu da müəyyən edilib. Məhkəmə onun barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib», - rəsmi məlumatda deyilir.

N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.