Aprelin 1-də Nərimanov rayon Məhkəməsində AXCP üzvü Zaur Rzalı inzibati qaydada 30 sutka həbs edilib.
AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli sayılıb.
Partiyadan onun şərləndiyi bildirilir.
Hələlik, AXCP-nin açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
"Repressiya maşınına legitim hədəf"
AXCP-dən daha öncə verilən məlumata görə, Z.Rzalı sədr Əli Kərimliyə könüllü sürücülük edir: "AXCP Binəqədi rayon şöbəsinin üzvü Zaur Rzalı Nərimanov rayonu ərazisində avtoyuma məntəqələrinin birində avtomobilini yuduzduran zaman üç mülkigeyimli şəxs tərəfindən saxlanıb".
AXCP sədri Ə.Kərimli isə bildirib ki, o, bu gün, aprelin 1-də Z.Rzalı ilə həbsdə olan jurnalistlərin məhkəməsinə getməli idi. Ə.Kərimlinin vurğulamasına görə, hakimiyyət onun ətrafındakı adamları "repressiya maşınına legitim hədəf" kimi təqdim edir.
Hələlik, bu açıqlamalara Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü (onlardan ikisi AXCP sədrinin mühafizəçiləridir) həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.