Bu gün, avqustun 18-də Prezident İlham Əliyev əlilliyin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklikləri təsdiqləyib.
Avqustun 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələlərlə bağlı brifinq keçirilib.
Nazirliyin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib ki, dəyişikliklər bu sahədə ölkədə ilk dəfə yeni konseptual yanaşmanı, əlilliyin qiymətləndirilməsinin ənənəvi üç dərəcə əsasında deyil, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirilməsini nəzərdə tutur.
Bildirilib ki, qanunvericilikdə "əlilliyinin səbəbi, dərəcəsi" sözləri "orqanizminin funksiyalarının pozulması faizi, səbəbi" sözləri ilə əvəz edilib. Habelə, "I dərəcə əlilliyi olan" sözləri "orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş" sözləri, "II dərəcə əlilliyi olan" sözləri "orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə..." sözləri və "III dərəcə əlilliyi olan" sözləri "orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə..." sözləri ilə əvəzlənib.
Qeyd edilən dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minməlidir.
Dəyişikliklər bir müddət öncə Milli Məclisin yaz sessiyasında qəbul edilib.
Amma bəzi ekspertlər də qanunvericiliyə bu dəyişiklikləri tənqid edirlər. Onların fikrincə, dəyişikliklərlə əlilliyin müəyyən edilməsi qaydaları bir xeyli sərtləşdirilib.