Polşa prezidenti İlham Əliyevə zəng edib

Polşa prezidenti Andjey Duda və Azərbaycan prezidenti İlham Əliyev (Arxiv fotosu)

Məlumata görə, telefon danışığı zamanı Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

Fevralın 16-da Polşa prezidenti Andjey Duda Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Bildirildiyinə görə, Polşa prezidenti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri kimi Mərkəzi və Şərqi Avropa regionunda təhlükəsizlik məsələlərinə toxunub, bu qurum çərçivəsində atılan addımların gərginliyin azaldılmasına xidmət edəcəyini vurğulayıb:

“Söhbət əsnasında Ukrayna ətrafında cərəyan edən hadisələrə dair fikir mübadiləsi də aparıldı.”

Xatırlatma

Son vaxtlar Rusiyadan Ukrayna ərazisinə hücum gözləntiləri var. Rusiya təlim keçirdiyini bildirərək, silahlı qüvvələrinin bir hissəsini bu ölkəylə sərhədə yığıb.

2014-cü ildə Rusiya Ukrayna ərazisinin bir hissəsini ilhaq edib.