Aİ Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşəcəyini təsdiqləyir

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan Brüsseldə görüşür. 2022

Avropa İttifaqı Şurası mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə görüşəcəyini təsdiqləyib.

Qurumun bəyanatında deyilir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel blokun Cənubi Qafqazda sabitliyin və iki ölkə arasında normallaşmanın təşviqi niyyətilə Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlayır.

Bəyanatda deyilir ki, liderlər 2023-cü il mayın 14-də Brüsseldə yenidən üçtərəfli görüş keçirməyə razılaşıblar. Onların müzakirələrindən sonra, 2023-cü il iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin (EPC) sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ilə görüş keçiriləcək.

Liderlərin üçtərəfli Brüssel görüşlərini "zəruri olduğu qədər tez-tez davam etdirməyə razılaşdığı” vurğulanır.

Şarl Mişel Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini bu ilin oktyabrında Qranadada növbəti EPC sammiti çərçivəsində ikinci dəfə görüşməyə dəvət etmək niyyətini də açıqlayıb.

+++

Azərbaycan və Ermənistan liderləri bu həftəsonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklər. Bu haqda rəsmilərə istinadla "The Financial Times" qəzeti yazır.

Məlumatda deyilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel) bazar günü – mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə ev sahibliyi edəcək. Ancaq belə bir görüşün keçiriləcəyinə dair Azərbaycan və Ermənistandan açıqlama yoxdur.

Bundan öncə tərəflər arasında növbəti görüşün Rusiyada keçiriləcəyi açıqlanıb.

Qəzetə anonimlik şərti ilə danışan üç rəsmidən biri deyib ki, Brüssel görüşü "proqresin vacib əlamətidir". O, Aİ və ABŞ-ın cəhdlərinin bir-birini möhkəmləndirdiyini qeyd edib.

Rəsmilərin birinin sözlərinə görə, iyunun 1-də üç liderin Almaniya Kansleri Olaf Şolts (Olaf Scholz) və Fransa Prezidenti Emmanuel Makron (Emmanuel Macron) ilə Moldovada Avropa Siyasi İcmasının sammiti çərçivəsində görüş planı var.

Buna da bax: Vaşinqton görüşü bitdi. Əsas məsələlər üzrə fikir ayrılığı qalır

Əliyev və Paşinyan sonuncu dəfə fevralda Münxendə görüşüblər. Ötən həftə isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda bir araya gəliblər. ABŞ Dövlət katibi Entoni Blinken görüşdən sonra bəyanatında tərəflərin çətin məsələlərlə bağlı əhəmiyyətli irəliləyişə nail olduğunu qeyd edirdi.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edildiyini bildirib.

Paşinyan mayın 5-də deyib ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin mexanizmi və Bakı ilə Xankəndi arasında dialoqun formatı hələ müəyyən edilməyib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir.

Buna da bax: Paşinyan Yerevan və Bakı arasında fikir ayrılığı olan məsələlərdən danışıb

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.