Azərbaycan və İran prezidentlərinin telefon danışığı olub

Bayraqlar

Martın 31-də Azərbaycan prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı əsnasında iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub: "Hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb".

Bu telefon danışığı son günlər Azərbaycanın cənub qonşusu ilə ABŞ arasında gərginliyin artması fonunda gerçəkləşib.

ABŞ prezidenti Donald Tramp İranı yeni sanksiyalar, tariflər, hərbi addımlarla hədələyib. Buna İran prezidentinin ölkəsinin sürətlə genişlənən nüvə proqramı ilə bağlı Vaşinqtonla birbaşa danışıqlardan imtina etməsi səbəb olub.

"Görək nəsə edə biləcəyikmi. Alınmasa, durum pis olacaq", – Tramp martın 30-da Floridadan Vaşinqtona uçarkən jurnalistlərə deyib.

Bundan əvvəl nüvə proqramına görə Vaşinqton Tehrana bir sıra sanksiyalar tətbiq edib.

Xatırlatma

İran-Azərbaycan münasibətlərində indi bir elə gərginlik müşahidə edilmir. Amma bundan əvvəlki illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.

Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.