Elman Rüstəmov yenə də ‘manat ucuzlaşmayacaq’ deyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Bu il manatı nə gözləyir? Proqnozlar

Mərkəzi Bankın sədri Elman Rüstəmov, bu gün fevralın 1-də, mətbuat konfransında deyib ki, bu il ərzində manat dollara nəzərən ucuzlaşmayacaq:

“2018-ci ilin sonuna Azərbaycanın tədiyyə balansının 3, 5 milyard dollar profisitdə və neftin orta qiymətinin 70 dollar olması şəraitində hansı devalvasiyadan danışmaq olar? Bu il Azərbaycanda devalvasiya haqqında danışmaq qeyri-ciddidir.”

Bir gün əvvəl isə Mərkəzi Bankın sədri demişdi ki, dünya bazarlarında neftin qiyməti ucuzlaşsa belə, bu, manatın dəyərinə təsir etməyəcək.

Elman Rüstəmov bildirmişdi ki, bütün bunlara görə, Mərkəzi Bank və hökumətin vahid planı var, makroiqtisadi durum nəzarət altındadır, 2018-ci ildəki sabitlik, bu il də davam edəcək.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin əməkdaşı, iqtisadi təhlilçi Rəşad Həsənov isə AzadlıqRadiosuna deyir ki, milli valyutanın taleyi neftə bağlıdır:

“Vətəndaş bilməlidir ki, Azərbaycan manatının məzənnəsi birbaşa neftin qiyməti ilə bağlıdır. Bir müddət öncə neftin qiyməti 50 dollara qədər ucuzlaşmışdı və bu da bazarda riskləri və psixoloji faktorları artırırdı və manat üzərində təzyiq formalaşdırırdı”.

Rəşad Həsənov deyir ki, hazırda Azərbaycan iqtisadiyyatı həssas bir dönəm yaşayır. Bununla belə, hökumət strateji valyuta ehtiyatlarını müəyyən qədər artırıb və ola bilər ki, Neft Fondunun vəsaitləri hesabına manata təzyiqi neytrallaşdırmaq mümkün olsun.

Hələki neftə bağlıdır

Başqa bir iqtisadçı, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin əməkdaşı Samir Əliyev, Standart and Poor beynəlxalq maliyyə qurumunun manatla bağlı proqnozuna diqqəti çəkir. Bildirir ki, bu proqnoza görə, bu il manatın dollara nəzərən məzənnəsi 1,79, 2020-ci ildə 1,87, 2021-ci ildə isə 1,97 olacaq.

Beləliklə, 2021-ci ilə qədər manat dollara nəzərən 16 faiz dəyər itirəcək.

Samir Əliyev öz Facebook hesabında yerləşdirdiyi təhlildə yazır ki, “Standart and Poor” şirkətinin bu proqnozu birmənalı qəbul olunmamalıdır və illər ərzində duruma görə dəyişə bilər:

“Əgər neftin qiyməti bahalaşacaqsa və bu hədd 70 dollardan yüksək olacaqsa, manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır. Hökumət ucuzlaşmanı ancaq ixracı stimullaşdırmaq məqsədilə edə bilər. Bu isə hələki Azərbaycan üçün aktual deyil. Çünki mövcud qeyri-neft ixracımızın zəif olmasının səbəbi milli valyutanın məzənnəsi deyil. Əgər neft 30-40 dollar səviyyəsinə düşəcəksə, bu halda manatın kəskin ucuzlaşması baş verəcək. Mərkəzi Bank 2015-ci ildə olduğu kimi ehtiyatlarını xərcləməyəcək. Ən yaxşı halda bazara qısamüddətli dəstək verəcək. Neftin ucuzlaşması uzunmüddətli olacaqsa növbəti ucuzlaşma qaçılmazdır”.

Hökumət daxilində fikir ayrılığı

İqtisadçı Rəşad Həsənov isə bildirir ki, milli valyutanın məzənnəsinin dünya bazarlarında neftin qiymətindən asılı qalması yaxşı hal deyil və birinci devalvasiyadan dörd il vaxt keçsə də, hökumət hələ də neftdən asılılığı azalda bilməyib. Onun sözlərinə görə, hökumətin daxilində belə manat siyasəti ilə bağlı fikir ayrılığı var.

“Hökumətdə bir qanad, o cümlədən də maliyyə nazirliyi çalışır ki, manatın məzənnəsinin zəiflədilməsi istiqamətində işlər görülsün, onlar öz fikirlərini belə əsaslandırırlar ki, iqtisadiyyat ixrac qabiliyyətini itirir və eyni zamanda idxal potensialı güclənir. Onların pərdəarxası məqsədlərindən biri də budur ki, büdcənin pərdəarxası məqsədlərinin təmin edilməsi istiqamətində daha uyğun şərait və imkanlar əldə etsinlər. Amma hökumətdə digər qanad social təsirləri nəzərə alaraq, çalışır ki, mümkün qədər mövcud status-kvonu qoruyub saxlasın”.

Azərbaycan nefti isə hələ ki, büdcədə nəzərdə tutulan qiymətdən baha satılır. Fevralın 1-də Azeri Light nefti cüzi ucuzlaşıb, bir barreli 63, 4 dollara satılıb.

2014-cü ilin sonunda neft bir barrelə 30 dollar civarına endikdən sonra, 2015-ci ildə manat dollara nisbətən iki dəfəyə qədər dəyər itirmişdi.