Daha bir gümüş medal

Elmar Qasımov. Foto arxiv

Azərbaycan cüdoçusu Elmar Qasımov Rio-2016-da Azərbaycan millisinin aktivinə ikinci gümüş medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Qasımov finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalek-ə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.

Oyunların altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan E.Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tagir Khaybulaev-i məğlub edib.

1/8 finalda Lyes Bouyacoub-u (Əlcəzair) mübarizədən kənarlaşdıran E.Qasımov ¼ finalda da Afrika çempionatının qalibi misirli Ramadan Darwish-i məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə də ukraynalı Artem Bloshenko-ya qalib gələrək finala yüksəlib.

Rio Olimpiadasında başqa bir cüdoçu Rüstəm Orucov (73 kq) avqustun 8-də Azərbaycana ilk mükafatı-gümüş medalı qazandırmışdı.

Hazırda Azərbaycanın aktivində iki gümüş medal var.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək.

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bəziləri mübarizəni yarımçıq dayandırıb.

ELMAR QASIMOV KİMDİR?

25 yaşlı Elmar Qasımov karyerası ərzində, ümumilikdə, 15-dən çox medala sahib olub. O, 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb. 2014-cü ildə Fransada Avropa Çempionatında ikinci yeri tutan cüdoçu həmin il Rusiyada «Böyük dəbilqə» yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

E.Qasımov Olimpiya Oyunlarına lisenziyanı Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə əsasən qazanıb. O, həmin reytinq cədvəlində 100 kiloqramadək çəki dərəcəsində ilk sırada qərarlaşıb.