Reportyor Elməddin Şamilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Lənkəran Rayon Şöbəsinə çağırıldığını bildirir.
E.Şamilzadənin sözlərinə görə, iyunun 22-də ona hərbi komissarlıqdan zəng vurublar və onun ora gəlməyini istəyiblər: "Dedilər ki, hərbi xidmətdən möhlətlə bağlı sənədlərini təqdim etməliyəm. Mən doktoranturada oxuyuram və qanun mənə dörd illik möhlət hüququ verir. Bu barədə sənədləri mən 2021-ci ilin iyununda artıq təqdim etmişəm və indi bunları məndən istəmələri absurddur".
E.Şamilzadə hesab edir ki, möhlətinin olmasına baxmayaraq, onu hərbi xidmətə aparmaq istəyə bilərlər: "Bu da bir cəza mexanizmidir. Gədəbəyin Söyüdlü kəndindən video çəkdim…".
Reportyor oxuduğu universitetə sənədlərlə bağlı sorğu verdiyini və sənədlər hazır olandan sonra hərbi komissarlığa gedəcəyini vurğulayıb: "Mənə iyulun əvvəlinə qədər vaxt verdilər".
Bu deyilənlərə SHXÇDX-dən münasibət öyrənmək mümkün olmayıb.
İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinləri deyir ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar var. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib. DİN isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb.