AXCP üzvü Elnur Həsənov barəsində Xətai rayon Məhkəməsinin noyabrın 30-da verdiyi qərar ilə 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.
Bu barədə AXCP-dən məlumat verilib.
Məlumatı, hələlik, məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.
***
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 28-də saxlanılan üzvü Elnur Həsənov barəsində CM-in 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi açılıb.
"İttihamlar saxtadır. Elnur Həsənov ardıcıl olaraq Dövlət Yol Polisini tənqid etdiyinə görə şərlənib", - AXCP-dən bildirilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Turan"a E.Həsənov barəsində cinayət işinin başlanmasını təsdiqləyiblər. Amma nazirlikdən əlavə heç nə bildirilməyib. Buna qədər DİN insanların siyasi fəaliyyətinə görə şərlənərək həbs edilməsi ilə bağlı müxalif düşərgədə səslənən şikayətləri əsassız sayıb.
Buna da bax: Beynəlxalq jurnalist təşkilatı Əziz Orucovun azad olunmasını tələb edirAXCP üzvü saxlanıb
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Turan"a Elnur Həsənovun saxlanılması ilə bağlı xəbəri təsdiqləyiblər. Qurumdan qeyd edilib ki, araşdırma aparılır, amma əlavə məlumat verilməyib.
+++
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Həsənov noyabrın 28-də saxlanılıb.
Bu barədə partiyadan məlumat verilib.
Məlumata görə, E.Həsənovu günorta saatlarında Bakıda avtomobil ehtiyat hissələri dükanında mülki geyimli şəxslər tutaraq aparıblar.
Vurğulanıb ki, fəal son vaxtlar sosial şəbəkələrdə Dövlət Yol Polisinin fəaliyyətini kəskin tənqid edirdi və saxlanmanın səbəbi bu ola bilər.
E.Həsənov bu ilin əvvəlində xuliqanlıq və polisə tabe olmamaqda ittiham edilərək 30 sutka həbs cəzası almışdı. Onda onun ittihamla razılaşmadığından bir neçə gün aclıq aksiyası da keçirildiyi bildirilmişdi.
Müxalifətdə olan AXCP-nin hazırda beşədək üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. AXCP onların siyasi sifarişlə şərləndiyini bildirir. Amma rəsmilər ölkədə siyasi həbslərin olmadığını deyirlər.