Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elxan Əliyevin oktyabrın 16-da inzibati qaydada həbs olunduğu bildirilir.
Bu barədə AXCP-dən məlumat verilib.
AXCP-dən vurğulandığına görə, o, oktyabrın 15-də, saat 17:20 radələrində yoxa çıxıb: "Oktyabrın 16-da isə məlum oldu ki, Elxan bəy Xətai rayon 37-ci polis bölməsindədir. Barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilib. Ona qondarma polisə müqavimət ittihamı ilə Xətai rayon Məhkəməsində 20 sutka inzibati həbs cəzası verilib".
Bu deyilənlərə Xətai rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
AXCP-nin hazırda 10 civarında fəalı müxtəlif ittihamlarla uzunmüddətli və ya qısa inzibati qaydada həbsdədir. Partiya onların şərləndiyini, siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Rəsmilər isə ölkədə siyasi həbslərin olması ilə bağlı iddiaları, bir qayda olaraq, yalanlayırlar.