Bloqerin səhhətində problem yarandığı deyilir

İbrahim Türksoy və Elçin Həsənzadə

Həbsdə olan blo1er Elçin Həsənzadənin sağlamlığında ciddi problemlər yaranıb.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onların sözlərinə görə, problemlər E.Həsənzadənin Penitensiar Xidmətin müalicə müəssisəsində müayinəsi zamanı aşkarlanıb: "Həkimlər aorto-koronar damarların daralması diaqnozunu qoyublar ki, bu da Elçinin sağlamlığı üçün təhlükəli ola bilər. Bundan əlavə, onda bağırsaq çatı və böyrək xəstəliyi aşkar edilib".

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Bloqer Elçin Həsənzadə və ictimai fəal İbrahim Salamov (Türksoy) martın 2-də məhkəmə zalında həbs olunub. Şəki Apellyasiya Məhkəməsində onların hər birinin 8 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Həsənzadə və Türksoy CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib. Onlar Mingəçevir şəhərinin Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb. İddiaya səbəb isə Həsənzadə və Türksoyun sosial şəbəkələrdə paylaşdığı yazılar olub. Bloqer bildirib ki, tənqidi yazılarına görə sifariş əsasında Mustafayev onu Mingəçevirdə kirayə qaldığı mənzildən çıxarıb. Mustafayev isə bu haqda deyilənlərin böhtan olduğunu iddia edir.