Əmanətə xəyanət?

A

►Palata sədri bir rəqəm deyir, fond rəhbəri başqa

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün – iyulun 29-da keçirdiyi mətbuat konfransındakı açıqlaması diqqət çəkir.

O, lisenziyaları ləğv edilən son 4 bank üzrə kompensasiya ödənilən əmanət həcminin 110 milyon 714 min manat olduğunu deyib.

Ancaq bu lisenziyaların ləğvinə qərar verən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı başqa rəqəm göstərib - 140 milyon 300 min manat. Aradakı fərq 30 milyon manata yaxındır.

MBNP Direktorlar Şurasının 21 iyul qərarı ilə “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərinin lisenziyaları ləğv edilmişdi.

Kreditlərə ayrıseçkilik var?

A.Cavadovun ödəniləcək əmanətlərin faizlərinə dair fikri də diqqət çəkib. O deyib ki, həm sığortalanan, həm də sığortalanmayan əmanətlər üzrə ödənişlərə sığorta gerçəkləşən günədək olan faizlər də artırılacaq. Bu, kreditlərlə müqayisədə ayrıseçkilik mənasına gəlir. Axı bank müflisləşsə də, kreditlərə faiz hesablanması dayandırılmır və borcludan bunu ödəmək tələb edilir.

“Gündə bir rəqəm deyirlərsə...”

Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, qorunan əmanətlərin həcmi dəqiq bilinmirsə, bu, bütövlükdə bank nəzarətinin, özəlliklə əmanətlərin sığortalanma sisteminin necə acınacaqlı vəziyyətdə olmasından xəbər verir: “Onlarda hər gün belə rəqəmlər olmalıdır. Ən azı, bankları ləğv etməzdən öncə dəqiq bilməli idilər. Bilmirlərsə, gündə bir rəqəm deyirlərsə, deməli, işlərinin öhdəsindən gəlmirlər”.

Buna da bax: Manat bir az da uzağa 'üzdü'

“Faizlər əmanət qaytarılanadək hesablanır”

Faizlərin hesablanmamasına toxunan ekspert bildirir ki, faizlər istər əmanətə, istərsə kreditə bunlar qaytarılanadək hesablanır: “Demək, fond əmanətləri faizsiz qaytarır, amma bu o demək deyil ki, əmanətçi bankın qalıq əmlakı hesabına faizlərini istəyə bilməz. Sadəcə, bir qayda olaraq, qalıq əmlak olmur”.

“Vətəndaşın öhdəliyi ilə bankın öhdəliyi...”

Vüqar Bayramov

İqtisadiyyat eksperti Vüqar Bayramovun qənaətincə, bu o deməkdir ki, vətəndaşın öhdəliyi ilə bankın öhdəliyi bir-birindən fərqləndirilir:

“Bank müflisləşəndən sonra öz əmanətinə hesablanmalı faizi ala bilməyən vətəndaş yenə kredit faizlərini banka ödəməyə davam edir. Fondun qoruduğu əmanətlərə faizin sığorta hadisəsi baş verən günədək deyil, məhz əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var. Digər tərəfdən, mövcud qaydalara görə, fond əmanətçiyə kompensasiyanı ərizə verilən tarixdən etibarən, 90 gün müddətində ödəyir. İstisna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər. Deməli, əmanətçi öz pulunu 6 aydan sonra da ala bilər. Əmanət vətəndaşa 180 gündən sonra ödəniləcəksə, o zaman bankın müflisləşməsindən ötən həmin müddətə niyə faiz hesablanmasın ki?”.

“Vətəndaş... ödəmək məcburiyyətində qalır”

Ekspertin sözlərinə görə, kredit və əmanətə yanaşmada ayrıseçkilik olmamalıdır:

“Məsələn, tutalım, eyni şəxsin bağlanan 4 bankdan birində əmanəti, digərində isə krediti var və hər iki bank müflis elan edilib. Bu zaman bir bankda onun əmanətinə faiz hesablanması dayandırılır, amma digərində kreditinə faiz hesablanmaqda davam edir. Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən, əmanətlərə faizlər sığorta hadisəsinin baş verdiyi günədək hesablanmış məbləğdə ödənilir. Sığorta hadisəsi baş verəndən sonra yaranan xərclələrə fond məsuliyyət daşımır. Amma vətəndaş bəzən qorunan əmanətini aylarla geri ala bilmir və həmin aylara faiz hesablanmır. Di gəl, həmin vətəndaş kredit faizlərini banka aramsız ödəmək məcburiyyətində qalır”.