Əmək pensiyaçılarına 200 manat yardım ediləcək

İlham Əliyev

Əmək pensiyaçılarına 200 manat yardım ediləcək. Prezident İlham Əliyev bununla bağlı fevralın 8-də sərəncam imzalayıb.

Sənəd əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin sosial rifaha mənfi təsirlərini yumşaltmaq məqsədi ilə izah edilir.

Yeni sərəncamla bu il yanvarın 1-nə kimi təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdiriləcək.

Üstəlik, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat maddi yardımın da verilməsi nəzərdə tutulur.

Artımın məbləği

Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3.4 faiz təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hesab edir ki, beləliklə artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək.

"Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini (6.7%) üstələyir ki, bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir", - nazirlik vurğulayır.

Nazirlik bildirir ki, bütün bunlar pensiyaçıların 92 faizini və ya 1.1 milyon nəfəri əhatə edəcək, bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.

Nazirlik əlavə edir ki, pensiya kapitalları da 6.7 faiz indeksləşdirilməklə artırılır.

Amma bir sıra iqtisadçılar rəsmi statistikaya şübhə ilə yanaşırdılar. Onlar deyirlər ki, reallıqda Azərbaycanda inflyasiya ötən il ikirəqəmli olub.

Xatırlatma

Hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir. 2017-ci ildə qəbul edilən qərara görə, qadınların da pensiya yaşı 60-dan 65-ə çatdırılacaq, ancaq mərhələli şəkildə. Belə ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda ölkədə qadınların pensiya yaşı 63-dür.

Son 4-5 ildə Azərbaycanda pensiyaçıların sayı 130 mindən çox azalıb.