İctimai fəal Emin Axundovun inzibati qaydada 30 sutka həbs edildiyi bildirilir.
Bu barədə onun yaxınları məlumat verib.
Məlumata görə, o, oktyabrın 15-də Bakıda 5-ci polis bölməsinə aparılıb, orada İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələrilə təqsirli bilinib: "Oradan da Emin Binəqədi rayon Məhkəməsinə aparılıb və 30 sutka müddətinə həbs olunub".
E.Axundovun yaxınları məhkəmə qərarı ilə razılaşmadıqlarını, onun sosial şəbəkələrdəki fəallığı ilə bağlı həbs edildiyini söyləyirlər.
Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Binəqədi rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.
Rəsmi qurumlar bir qayda olaraq insanların tənqidi statuslara görə, təqib edilməsi ilə bağlı iddiaları qəbul etmirlər.