Yaxınları Emin İbrahimovun aclıq aksiyasını dayandığını deyirlər

Emin İbrahimov

Keçmiş diplomat Emin İbrahimovun Şüvəlan İstintaq Təcridxanasında 20 gündür davam etdirdiyi aclıq aksiyasını bugün, avqustun 12-də dayandırdığı bildirilir. Yaxınlarının sözlərinə görə, bu barədə o, telefon söhbətində qeyd edib.

Amma bu məlumata, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Öz növbəsində, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı da deyib ki, İbrahimov aclığı ailə üzvlərinin, qohumlarının, dostlarının və həmfikirlərinin israrlı xahişlərindən sonra dayandırıb.

"Biz bundan əvvəl də Emindən aclığı dayandırmağı xahiş edirdik, lakin o, israrla aksiyanı davam etdirirdi. Bu dəfə biz onu inandırdıq ki, o, mübariz adamdır və işini davam etdirmək üçün sağlam olmalıdır", - deyə Qasımlı bildirib.

Penitensiar Xidmət keçmiş diplomata həbsdə təzyiq olmadığını deyir

Penitensiar Xidmət həbsdə olan keçmiş diplomat Emin İbrahimova təzyiq edilməsi ilə bağlı onun vəkili vasitəsi ilə açıqlamasına münasibət bildirib.

Qurumdan “Turan” Agentliyinə deyilib ki, Emin İbrahimov barəsində cinayət işinin başlanmasına etiraz əlaməti olaraq aclıq etməsi ilə bağlı ərizə ilə iyulun 28-də nahardan sonra aidiyyəti üzrə müraciət edib:

“E.İbrahimovun yaxın qohumları ilə görüş hüququ məhdudlaşdırılmayıb, telefonla danışmaq hüququndan istifadə edib. Ona qarşı təzyiqlərin olması barədə iddia isə həqiqəti əks etdirmir. Belə ki, o işçi heyəti, həbs edilmiş şəxslər tərəfindən təzyiqlərə, işgəncələrə məruz qalmır, hüquqları və qanuni mənafeləri qorunur”.

Bugün, iyulun 30-da isə vəkili Bəhruz Bayramov onunla görüşüb. Vəkil qeyd edib ki, İbrahimov 15 məhbusun olduğu kameradan ayrı kameraya köçürülüb:

“Hazırda İbrahimov tək saxlanılır, ancaq onu tibbi nəzarətə götürməyiblər.”

Emin İbrahimovun apellyasiya şikayəti təmin edilməyib

Bundan bir gün əvvəl, iyulun 29-da keçmiş diplomat Emin İbrahimovun həbsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətini Bakı Apelyasiya Məhkəməsi təmin etməmişdi.Vəkili Aqil Layıc bildirmişdi ki, E.İbrahimov artıq 6 gündür 3 saylı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyini deyir.

Onun sözlərinə görə,Emin İbrahimov vurğulayır ki, 15 nəfərin olduğu kamerda saxlanır, aclıq aksiyasını dayandırmaq üçün müəssisə rəhbərliyinin təzyiqlərinə məruz qalır.

Vəkil habelə qeyd edib ki, E.İbrahimova telefonla danışmaq və ailə üzvləri ilə görüşməyə də qadağa qoyulub.

Keçmiş diplomat, ictimai fəal Emin İbrahimov iyulun 22-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.-cı (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.İyulun 24-də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.O bir şəxsi bucaqla vurmaqda ittiham edilir.Amma ittihamı qurma sayır.

E.İbrahimov Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyində və başqa qurumlarda çalışıb. Onun 2020-ci ilin fevralında Azərbaycandakı parlament seçkilərini özü üçün "son damcı" sayaraq martın 13-də ovaxtkı xarici işlər naziri Elmar Məmmədyarova istefa ərizəsi yazdığı bildirilir. Bu həftə E.İbrahimovun saxlanmasından sonra onun yazdığı bildirilən ərizənin fotosu sosial şəbəkələrdə yayılıb.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 2020-ci il seçkilərində həqiqi rəqabətin qarşısının alındığını, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilərə "mənalı" seçim imkanı verilmədiyini bildirib.

Rəsmilər isə həmin seçki ilə bağlı tənqidləri qəbul etmir.