Vəzifəli şəxslər həbs edilib

Baş Prokurorluq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bəzi şöbə rəisləri və başqa vəzifəli şəxslər barəsində qətimkan tədbirləri görülüb. Onlar torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərdə ittiham edilir.

Bununla bağlı bu gün, iyunun 9-da Baş Prokurorluq məlumat yayıb.

Söhbət Xidmətin Şirvan şəhər şöbəsinin rəisi Nazim Səfərov, Ucar ərazi şöbəsinin rəisi Amil Aslanov, Qazax rayonu Daşsalahlı bələdiyyəsinin sədri Asif Yusifov, Şəki rayon Qoxmuq bələdiyyəsinin sədri Etibar Eyvazov və Kürdəmir rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini Ruslan Əliyevdən gedir. Onlar Xidmətin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov və başqa şəxslərlə birlikdə bir sıra qanunsuz əməllərdə şübhəli sayılırlar.

Adları çəkilən şəxslərə (ümumilikdə 10 nəfər) Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma - külli miqdarda törədildikdə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbs, ev dustaqlığı və başqa qətimkan tədbirləri seçilib.

Hələlik, rəsmi açıqlamaya sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.