‘Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq’ 

Karantin yoxlamaları, arxiv foto

"Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur".

Bunu iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O, sonra da deyib: "Əgər insanlar qısa müddətdə kütləvi vakansiyaya getsələr, onda qapanmalara ehtiyac qalmayacaq".

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən ilin martından karantin rejimidir.Ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. İndiyə kimi birinci mərhələdə 4,5 milyon, hər iki mərhələdə isə 1,9 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 340 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5006-nın vəfat etdiyi bildirilib.