Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbi ilə müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ qarşı iddia qaldırıb. Bundan əlavə, Ankaranın Baş Prokurorluğuna prezidentin təhqir olunması maddəsi üzrə Ö.Özəl barəsində cinayət işinin açılması üçün müraciət təqdim olunub.
Türkiyə prezidentinin vəkili Hüseyn Aydın X hesabında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Ərdoğan CHP lideri Özəlin "xunta" ilə bağlı açıqlamalarına görə siyasi rəqibindən 500 min türk lirəsi (13 min dollardan çox) təzminat tələb edir.
Növbəti prezident seçkilərində Ərdoğanın əsas rəqibi olacağı gözlənilən CHP üzvü, İstanbulun meri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə siyasi böhranla üzləşib. Hakimiyyət onun terror təşkilatları ilə əlaqədə olmaqda ittiham etsə də, sonradan İmamoğlu yalnız korrupsiyada ittiham olunub. Müxalifət İmamoğlu və onun bir neçə tərəfdaşına qarşı açılan cinayət işinin siyasi xarakterli olduğunu bəyan edib.
İmamoğlunun həbsi İstanbul, Ankara və digər şəhərlərdə kütləvi etirazlara səbəb olub. Türkiyədə martın 19-dan martın 23-dək keçirilən etiraz aksiyalarında iştirak edən mindən çox şəxs saxlanılıb.