Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ermənilərin soyqırımı anım günü kimi qeyd etdikləri 24 apreldə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı Türkiyə Erməni Kilsəsinin başçısı Sahak Maşalyana müraciətlə çıxış edib:
“Osmanlı imperiyasının son illərinin, dinindən və etnik kökündən asılı olmayaraq – türk, kürd, ərəb, erməni və digər milyonlarla Osmanlı vətəndaşı üçün ağrılarla dolu bir zaman olması unudula bilməz. Osmanlı imperiyasının hər bir vətəndaşı kimi ermənilərin də o dövrdə yaşadıqları iztirabları yad etməsini anlamaq və bunu paylaşmaq bir insanlıq vəzifəsidir”.
Türkiyə prezidenti deyib ki, 1915-ci il hadisələri bağlı fərqli baxış və düşüncələrin olması və bunların müzakirə edilməsi təbiidir.
Bununla belə Ərdoğan təəssüflə vurğulayıb ki, bundan ədalətsiz iddiaları səsləndirmək üçün fürsətlənənlər də vardır:
“1915-ci il hadisələrindən Türkiyəyə qarşı bir bəhanə olaraq istifadə edilməsi və bunun siyasi qarşıdurma səviyyəsinə qaldırılması yolverilməzdir. Birinci Dünya Müharibəsi əsnasında yaşanmış hadisələr hamımızın ortaq kədəridir. Bu ağrılı tarixə ədalətli yaddaş perspektivindən baxılması insani və elmi bir tələbdir”.
Ərdoğan vurğulayıb ki, “bugünün dünyasında tarixdən bir düşmənçilik və yeni qarşıdurmalar çıxarmaq üçün sui-istifadə yolverilməzdir”.
Buna da bax: Sülhməramlılar Ermənistandan Qarabağa qayıdıblar?“Türkiyə arxivləri açıqdır”
Türkiyə prezidenti habelə 1915-ci il hadisələrinin tarixi baxımdan öyrənilməsi ehtiyacı məsələsinə də toxunub:
“Bu məqsədlə biz Türkiyə Respublikası olaraq 1915-ci il hadisələrinin elmi bir şəkildə araşdırılması üçün ortaq bir tarix komissiyası qurulmasına çağırış etmişik. Bu çağırış hələ də qüvvədədir. Türk, erməni və beynəlxalq tarixçilərin aparacağı bu araşdırma 1915-ci il hadisələrinin aydınlaşdırılmasında və tarixin düzgün anlaşılmasında önəmli bir rol oynaya bilər”.
Ərdoğan bildirib ki, Türkiyə tarixi araşdırmalar üçün bütün arxivlərini açıb və yüz minlərlə sənəd tarixçilərin istifadəsi üçün hazırdır:
"Əcdadımızdan bizə miras qalan sülh və barış ab-havasının davamı yalnız birgə səylərimizlə mümkün ola bilər. Yaratdıqları mədəni və bəşəri əsərləri ilə Anadolu torpaqlarını zənginləşdirən erməni vətəndaşlarımızın əmin-amanlığı, rifahı və xoşbəxtliyi bugün də təminat altındadır. Heç bir erməni vətəndaşımızın özgələşdirilməsinə, kənarlaşdırılmasına və özünü vətənində ikinci növ insan kimi hiss etməsinə yol vermədik və verə bilmərik. Tarixdə yaşananları...nifrət dilinə çevirmədən ağlın, vicdanın və elmin köməyi ilə həll etməyimiz önəmlidir”.
Buna da bax: Əliyev eksklavların taleyinə aydınlıq gətirir
Hamıya rəhmət düşür
Türkiyə prezidenti müraciətinin sonunda 20-ci əsrin əvvəllərində baş vermiş hadisələrdə həyatını itirmiş ermənilərə, millətindən və dinindən asılı olmayaraq bütün Osmanlı vətəndaşlarına rəhmət oxuyub, onların övlad və törəmələrinə başsağlığı verib.
Dünya erməniləri 24 apreli soyqırımı anım günü kimi qeyd edirlər.
Türkiyə 1915-ci ildə Osmanlı imperiyasında qırğınların baş verməsini etiraf etsə də, hadisələrin ermənilərə və o vaxt Türkiyədə yaşayan xristianlara qarşı düşünülmüş bir siyasət olmasına dair iddiaları rədd edir.
“Erməni soyqırımı” 30-dan artıq ölkə və beynəlxalq təşkilat tərəfindən rəsmən tanınıb.