Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə razılıq verdi

Madrid sammitində (soldan sağa) Yens Stoltenberq, Recep Tayyip Erdoğan, Sauli Niinisto və Maqdalena Anderson

Ankara bildirir ki, tələbləri icra olunmasa bu iki ölkənin alyans üzvü olmasına mane olacaq

Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri iyunun 28-də memorandum imzalayıblar.

SkyNews telekanalının verdiyi xəbərə görə bu memorandumla Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı iradını aradan qaldırıb.

Bu hadisə iyunun 28-də üç ölkə liderlərinin Madriddə keçirilən danışıqlarından sonra baş verib.

Finlandiya prezidenti Sauli Niinistonun bəyanatında deyilir:

"Biz NATO-nun baş katibi Yens Stoltenberqin vasitəçiliyi ilə Türkiyə prezidenti Recep Tayyip Erdoğanla və İsveçin baş naziri Maqdalena Andersonla çox təfərrüatlı görüş keçirdik. Bu görüşün nəticəsində xarici işlər nazirlərimiz Türkiyənin Madrid sammitində Finlandiyanın və İsveçin NATO üzvlüyünə dəvəti dəstəkləyəcəyini təsdiqləyən memorandum imzaladılar”.

Belə bir razılaşmanın əldə olunduğunu Stoltenberq də təsdiqləyib.

Bundan əvvəl Türkiyə prezidenti bildirmişdi ki, Finlandiya və İsveç Ankara qarşısında kürd yaraqlıları ilə bağlı öhdəlik götürməlidir.

Bundan əvvəl

Türkiyə prezidenti Recep Tayyip Erdoğan iyunun 28-də demişdi ki, NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçdən “quru sözlər yox, nəticə” gözləyir.

Hazırda Ankara bu iki ölkənin NATO üzvlüyünə daxil olmasına maneçilik törədir.

Türkiyə iki Skandinaviya ölkəsini kürd yaraqlıları və separatçıları himayə etməkdə, habelə Ankaraya silah embarqosu qoymaqda ittiham edir.

Erdoğan iyunun 28-də bunu da deyib ki, o ABŞ prezidenti Co Baydendən Türkiyəyə F-16 qırıcıları verilməsini istəyəcək.

Hazırda bu məsələ də dalana dirənib.

Finlandiya və İsveç onilliklərlə davam edən neytrallıq statusunu Rusiyanın Ukraynaya əsassız və haqsız hücumundan sonra dəyişmək qərarına gəliblər.

Türkiyə öz narahatlıqları barədə Finlandiya, İsveç və NATO ilə danışıqlar aparır və yazılı tələblərini Helsinki və Stokholma təqdim edib.

Buna da bax: Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə imkan verəcəkmi?

Meydançanın ortasında oynamaq

Ankara bildirir ki, tələbləri icra olunmasa bu iki ölkənin alyans üzvü olmasına mane olacaq.

NATO-nun Nizamnaməsinə görə hər hansı bir ölkənin alyans üzvlüyünə qoşulması üçün bütün üzv ölkələrin razılığı tələb olunur.

Madriddə keçiriləcək NATO sammitindən əvvəl danışan Erdoğan deyib ki, Helsinki və Stokholm NATO-ya üzv olmaq istəyirlərsə Ankaranın tələblərini yerinə yetirməlidirlər:

"Biz dördtərəfli danışqılar aparacaq və baxacağıq görək hansı mərhələdəyik. Bizə quru sözlər yox, nəticələr lazımdır. Biz meydançanın ortasında bir-birimizə pas atmaqdan bezmişik. Hələlik onlar yazlnız söz danışırlar”.

Erdoğanən müşaviri və Türkiyə xarici işlər nazirinin müavini İsveç və Finlandiya nümayəndələri ilə iyunun 27-də Brüsseldə görüşüblər.

Bu görüş sammit əsnasında keçiriləcək dördtərəfli danışıqlara hazırlıq səciyyəsi daşıyırdı.

Türkiyə rəsmiləri və Qərb diplomatları Reuters agentliyinə məsələnin Madrid sammitində həllini tapacağına ümid etmədiklərini bildiriblər.

Buna da bax: Putin xaricə - Düşənbəyə, Aşqabada səfər edəcək

Erdoğan Baydenlə görüşəcək

Erdoğan deyib ki, bu sammitdə Türkiyənin mövqeyini müttəfiqlərə izah edəcək.

Türkiyə prezidenti bildirib ki, Co Baydenlə telefonda danışıb və onun istəyi ilə bugün (iyunun 28-də) ya da sabah ABŞ prezidenti ilə üzbəüz görüşəcək.

Erdoğan deyib ki, onlar habelə Türkiyənin Rusiyadan S-400 raket sistemi almasına görə yaranmış vəziyyəti müzakirə edəcəklər.

Ankara Moskvadan S-400 raketləri alandan sonra Vaşinqton onun üzərinə sanksiyalar qoyub.

Türkiyə ABŞ-ın F-35 təkmil qırıcı təyyarə proqramından çıxarılıb. Erdoğan hazlırda bunun əvəzində Türkiyəyə 40 ədəd F-16 qırıcılarının verilməsini istəyir:

"Bizim üçün ABŞ-la ən mühüm müzakirə F-16 məsələsidir. Bu məsələ masa üzərindədir, amma məsələnin uzadılması taktikası yürüdülür”.

Ağ Ev iyunun 28-də Co Bayden və Erdoğan arasında görüşün keçiriləcəyini təsdiqləyib.