Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşüblər

Ərdoğan-Paşinyan görüşü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan münasibətlərində normallaşmanı Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına bağlayır. Bunu o, sentyabrın 24-də Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bir daha dilə gətirib.

Hər iki lider BMT Baş Assambleyasının iclasına qatılandan sonra Nyu-Yorkdakı Türk Evində bir araya gəliblər. Onların ikitərəfli əlaqələrin normallaşdırılması, eləcə də Ermənistan-Azərbaycan danışıqlar prosesi yönündə səyləri müzakirə etdiyi bildirilir.

Ermənistan tərəfinin yaydığı rəsmi məlumata görə, liderlər Ankara və Yerevanın 2022-ci ildən bəri əldə etdiyi anlaşmaları "detallı" nəzərdən keçirib, normallaşma prosesinə "yeni təkan" verməyə razılaşıblar.

"Azərbaycan-Ermənistan sülh prosesində əldə edilənlərin Türkiyə-Ermənistan normallaşma prosesinə də müsbət təsiri olacaq", – Ərdoğan daha öncə BMT Baş Assambleyasındakı çıxışında deyib.

Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını, Yerevanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları başlayandan Türkiyə liderləri bu şərti səsləndirib.

"Zəngəzur dəhlizi"

Ərdoğan bu ilin iyulunda bir daha deyib ki, Ermənistan-Azərbaycan sülh sazişində Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan eksklavına quru dəhliz məsələsi salınmalıdır. Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalın da Bakıya son səfəri zamanı həmin bəyanatı dilə gətirib. Kalın da Ərdoğanın Paşinyanla danışıqlarında iştirak edib.

Rəsmi Bakının "Zəngəzur dəhlizi" dediyi həmin marşrut 2020-ci ilin üçtərəfli atəşkəs bəyanatında nəzərdə tutulub. Yerevan öz ərazisindən heç bir ölkəyə dəhliz verməyəcəyini deyir. Bu ilin yayında Bakı sözügedən maddənin sülh sazişi layihəsindən çıxarıldığını açıqlayıb.

Ermənistan hökumətinin mövqeyi belədir ki, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında daşımalara Ermənistan nəzarət etməlidir. Paşinyanın mətbuat xidmətinin məlumatına görə, Türkiyə liderinə Yerevanın bu məsələdə mövqeyi barədə məlumat verilib.

Bakı və Ankaranın tələb etdiyi dəhliz Ermənistanın İranla həmsərhəd Sünik vilayətindən keçməlidir. Tehran dəfələrlə onu Ermənistanla ümumi sərhəd və nəqliyyat əlaqələrindən məhrum etmək səylərinə qarşı xəbərdarlıq edib.

Azərbaycan 2020-ci il 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatlarla ərazi bütövlüyünü bərpa edib. Ancaq Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb.