Ərdoğan Türkiyə üçün yeni konstitusiya istəyir

Prezident Rəcəb Tayyib Ərdoğan və ana müxalifət partiyası CHP-nin lideri Özgür Özel

Prezident Rəcəb Tayyib Ərdoğan mayın 27-də 1960-cı ilin hərbi çevrilişinin qurbanlarının xatirə ildönümündə Demokratiya və Azadlıqlar adasında keçirilən simpoziumda iştirak edib.

Mərmərə dənizindəki Yassıada 2013-cü ildən Demokratiya və Azadlıqlar adası adını daşıyır, beləki 1960-cı il hərbi çevrilişinin qurbanları vaxtilə məhz bu adada mühakimə edilib.

İngilisdilli Daily Sabah saytı yazır ki, Türkiyə prezidenti artıq çoxdan bəridir 1980-ci ilin hərbi çevrilişindən qalma konstitusiyanın dəyişdirilməsinə çalışır.

Ərdoğan simpoziumda etdiyi çıxışda deyib:

“Türkiyə tarixində ən böyük demokratik qələbələrin arxasında duran hökumət kimi biz bu məsələdə konstruktiv və barışdırıcı mövqedə dururuq. Düşünürəm ki, müxalifət çevriliş zəmanəsindən qalmış konstitusiyanın saxlanmasında israr etməyəcək”.

İqtidar müxalifətlə danışıqlara başlayıb

Türkiyə parlamenti martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin ardınca siyasi partiyalarla yeni konstitusiyaya dair danışıqlara başlayıb.

Parlamentin spikeri Numan Kurtulmuş müxalifət partiyalarının və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iqamətgahlarında danışıqlar keçirib.

Ərdoğanın özü ölkənin ana müxalifət partiyası – Respublika Xalq Partiyasının (CHP) lideri Özgür Özellə indiyədək misli görünməmiş üzbəüz danışıqlarda olub.

Ərdoğan hazırkı konstitusiya barəsində bunları deyib:

“Biz çərçivəsi çevrilişçilər tərəfindən cizgilənmiş indiki konstitusiya ilə irəli gedə bilmərik. Bu konstitusiyanın yalnız ovaxtkı hakim Türkiyə elitaları arasında konsensusu əks etdirən problemli dili var. Biz bu rüsvayçılığın üstündə israr edib qala bilmərik. Bugünkü demokratiyanın yeni, mülki konstitusiyanı yazmaq üçün yetkinliyi və gücü var”.

Bu arada CHP lideri Özgür Özel Duvar qəzetinə verdiyi müsahibədə deyib ki, prezident Ərdoğan ilk addım kimi bələdiyyə seçkilərində onun partiyasına səs vermiş 17.5 milyon türkü inandırmalıdır:

"Mənə səs verənlər mövcud konstitusiyanın pozulmasını istəmirlər. Onlar Avropa İnsan Haqları Məhkəməsi qərarlarının icra olunmamasına qarşıdırlar. Onlar birinci instansiya məhkəməsinin Konstitusiya Məhkəməsinin qərarına etinasızlığını istəmirlər”.

Buna da bax: 'Rəisinin helikopterində güllə izləri aşkar edilməyib' –ilkin hesabat

Debatlar on ildir ki, davam edir

Türkiyə konstitusiyasına dair debatlar artıq on ildir ki, davam edir. Müxalifət yeni konstitusiyanın yazılmasına çox vaxt həvəssiz yanaşıb, bəzən isə buna qarşı açıq çıxış edib.

The Daily Sabah yazır ki, müxalifətin motivləri siyasidir. Onlar yuxarıdan – hökumətdən diktə olunan konstitusiyaya qarşı olduqlarını bildirirlər.

Ərdoğanın hazırda opponentləri ilə açıq debata girmək istəməsinin də əsas səbəbi budur.

Hazırkı konstitusiya 1982-ci ildə hərbi çevrilişin ardınca qüvvəyə minib.

Bu çevrilişin gedişində minlərlə insan saxlanıb, kütləvi məhkəmə proseslərinin ardınca işgəncə və edamlara məruz qalıb.

Şərhçilər həmin dövrü “Türkiyə tarixinin ən qaranlıq səhifəsi” adlandırırlar.

Buna da bax: Türkiyədə kürdlərin aparıcı simalarına hökm oxunub

Bundan əvvəlki dəyişikliklər

Bu da qeyd olunur ki, hazırkı konstitusiyaya illər ərzində qlobal və regional konyunkturaya uyğun olaraq 20-dək dəyişiklik edilib.

Bu düzəlişlərin əksəriyyəti 2010-cu ildə referendum yolu ilə qəbul edilib. Dəyişikliklər 1980-ci il çevriliş iştirakçılarının mühakimə olunmasına yol açırdı.

2017-ci ildə isə daha bir dəyişikliklə Türkiyə parlament respublikasından prezident respublikasına çevrilib.

2007-ci ildə hakim AKP birtərəfli addım ataraq yeni konstitusiyasının tərtibi üçün komissiya yaratmışdı. Lakin bu proses müxalifətin qızğın etirazlarına görə dayandırılıb.

Hakimiyyət yeni konstitusiyanın azadlıq, təhlükəsizlik hüququ, ədalətli mühakimə hüququ, ifadə azadlığı, qadınlar və əlillər üçün daha böyük hüquqlar üzərində bərqərar olmasını istədiyini bildirir.

Yeni konstitusiya layihəsinin müzakirəyə çıxarılması üçün ona parlamentin azı 400 üzvü səs verməlidir. 360 səs konstitusiyanın referenduma çıxarılmasına imkan verir.

Hazırda parlamentdə 14 may seçkisindən sonra AKP-nin 268 mandatı var. Ona ən yaxın rəqib – CHP isə 169 mandata malikdir. Lakin AKP həm də Milliyyətçi Hərəkət Partiyası (MHP) ilə birlikdə Xalq Alyansına daxildir. Bu hesabdan iqtidar 323 mandatın səsinə ümid edə bilər.

Adnan Menderes

Menderesin edamı

Ərdoğan çıxışında habelə özünün siyasi kumirlərindən biri olan baş nazir Adnan Menderesdən söz açıb. Menderes 1960-cı ilin hərbi çevrilişindən dərhal sonra asılmaqla edam edilib.

Ərdoğan deyib ki, “biz 64 il keçməsinə baxmayaraq bunu nəinki unutmayacaq, hətta bağışlamayacağıq”.

O əlavə edib ki, “biz bu adanı rüsvayçılıq adasına çevirənləri xatırlayırıq”.

Yassıadada keçirilən hərbi tribunalda edam hökmünə məhkum edilən 15 nəfərin arasında – ovaxtkı baş nazir Menderes, maliyyə naziri Hasan Polatkan və xarici işlər naziri Fatih Rüştü Zorlu da vardı.

Həmin üç nəfərin edamları yaxınlıqdakı İmralı adasında icra olunub.

Yassıada bu yaxınlarda ictimaiyyət üçün açıq elan edilib.

Ərdoğan deyib ki, hərbi xunta tərəfindən edam edilmiş üç “şəhidin” və “milli iradə qəhrəmanının” adları əbədi olaraq ürəklərdə qalacaq.

1960-cı ilin hərbi çevrilişi Menderesin Demokratik Partiyasına qarşı idi. Bu partiya Türkiyə çoxpartiyalı sistemə keçəndən dörd il sonra ilk dəfə olaraq seçkidə qalib gəlmişdi.